Veteran dənizçi Osman Əhmədovun 82 yaşı tamam olur
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) veteran əməkdaşı, uzun illər kapitan vəzifəsində çalışmış Osman Əhmədov 82 yaşını qeyd edir.
Bu münasibətlə ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin və Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları Osman müəllimlə görüşüb, onu doğum günü münasibətilə təbrik ediblər. Həmkarları ona bütün dənizçilərin xoş sözlərini çatdırıb, cansağlığı, uzun ömür arzulayıblar.
Qeyd edək ki, Osman Əhmədov 1942-ci il iyulun 30-da Sabirabadda doğulub.
1963-67-ci illərdə Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinin “Gəmi sürücülüyü” ixtisasında oxuyub.
İlk dəfə “Nikolay Yaşın” adına gəmidə kapitanın köməkçisi kimi fəaliyyətə başlayıb. Uzun müddət müxtəlif xilasedici və yedək gəmilərində işləyib. 1972-ci ildən kapitan kimi dənizçi fəaliyyətini davam edib.
2000 - 2012-ci illərdə Xəzər Dəniz Neft Donanmasında hamiyəçi-kapitan olub. Osman Əhmədov işlədiyi dövrdə əmək fəaliyyətinə görə bir çox mükafatlara layiq görülüb.



