Süveyş kanalında “yaşıl yanacaq” istehsalına 8 milyard dollar sərmayə qoyulacaq
Misir və Hindistanın ən böyük bərpa olunan enerji şirkəti “ReNew Power” Süveyş kanalının iqtisadi zonasında ümumi sərmayəsi təxminən 8 milyard dollar olan təmiz yanacaq istehsalı üçün sənaye kompleksinin yaradılmasına dair anlaşma memorandumu imzalayıb.
“Seanews.az”-ın məlumatına görə, Süveyş Kanalı İqtisadi Zonası Baş İdarəsinin rəhbəri Yəhya Zəki deyib ki, Hindistan şirkəti ilə memorandum 2029-cu ilə qədər hesablanan “yaşıl yanacaq” layihəsinin həyata keçirilməsinə dair ilkin razılaşmadır. Birinci mərhələdə, yəni 2023-2025-ci illərdə 710 milyon dollar investisiya yatırılaraq 100 min ton "yaşıl ammonyak" və 20 min ton "yaşıl hidrogen" istehsalına başlamaq planlaşdırılır.
İkinci mərhələ başa çatdıqdan sonra (2025-ci ildən 2029-cu ilə qədər) ümumi istehsal gücü 220 min ton hidrogen və 1,1 milyon ton ammonyak təşkil edəcək. Bu dövr üçün məqsədli investisiyalar 7,147 milyard dollar həcmində qiymətləndirilir. Müəssisə Qahirədən 120 km məsafədə, Qırmızı dənizin Süveyş körfəzinin sahilindəki Ain Sohna bölgəsində 600 min kvadratmetr sahədə yerləşəcək.


