“ABS” ammonyak və LPG daşıyacaq tankerin layihəsini təsdiqləyib
Cənubi Koreyanın gəmi istehsalçıları “Hyundai Heavy Industries” (“HHI”) və “Hyundai Mipo Dockyard” (“HMD”) təsnifat cəmiyyəti olan “Amerika Gəmiçilik Bürosu”-ndan (“ABS”) dəniz yanacağı kimi ammonyakdan istifadə edə bilən iki tankerin layihəsinin təsdiqini alıblar.
“Seanews.az”ın məlumatına görə, gəmilər mayeləşdirilmiş neft qazı (LPG) və ammonyakın dənizdə daşınması üçün nəzərdə tutulacaq. Sertifikatın təqdimetmə mərasimi Milanda (İtaliya) keçirilən “Gastech-2022” sənaye sərgisi zamanı baş tutub.
Gəmilərin layihəsi “Korea Shipbuilding & Offshore”-in mühəndisləri ilə birgə hazırlanıb.
“ABS” mütəxəssisləri ammonyakla işləyən LPG qaz daşıyıcılarının elektrik stansiyasının konstruksiyasının konseptual tədqiqini öyrənmişlər. İkinci mərhələdə mühərrikə texniki tələblərin hazırlanmasına başlanılacaq.
Təsnifat cəmiyyəti olan “Amerika Gəmiçilik Bürosu” (“ABS”) 1862-ci ildə yaradılıb. “ABS” gəmi dizaynı və texniki xidmət standartlarının işlənib hazırlanması və sınaqdan keçirilməsi sahəsində ixtisaslaşıb və gəmiləri bu standartlar əsasında təsnif edir. “ABS” dəniz gəmilərinin tikintisinə, təmirinə və istismarına texniki nəzarəti həyata keçirir, gəmilərin təsnifatı, naviqasiya təhlükəsizliyinə uyğunluğunun yoxlanılması ilə məşğul olur. Şirkətin baş ofisi Hyustonda (Texas, ABŞ) yerləşir.


