Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

SOCAR rəhbərliyi “Günəşli” yatağında təmir olunmuş dəniz özülünə səfər edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri “Günəşli” yatağının 4 saylı dərin dəniz özülündə aparılan kompleks təmir işləri ilə tanış olmaq məqsədi ilə özülə baxış keçiriblər.

Bu barədə SOCAR-dan məlumat verilib.

Məlumata görə, şirkət rəhbərliyinə məlumat verilib ki, aparılmış diaqnostikanın nəticələrinə əsasən, bu ilin aprelində özülün dayaq blokunda, suüstü elementlərində təmir işlərinə başlanılıb. Dayaq blokunun 54 ayağından 18-i daha çox korroziyaya uğradığı üçün ilk növbədə onların gücləndirilməsi işləri həyata keçirilir. Sualtı təmizləmə və kəsmə işlərini dalğıclar yerinə yetirir. Özülün su səthindən yuxarıda qalan hissəsində təmir işlərini SOCAR-ın mütəxəssisləri aparır. Burada istifadə olunan xamutların yarımborularını “SOCAR-STP” MMC hazırlayır, sonra Zığ sahəsində yığılır, özülə nəql olunur. Suüstü elementlərdə istifadə olunan yarımboruları isə SOCAR-ın BOS Shelf şirkəti inşa edir. Artıq beş ayaqda xamutlar quraşdırılıb, doqquzunda bu proses davam edir, üçündə isə sementləmə işləri aparılır. Dayaq blokunun korroziyaya uğramış suüstü rabitə xətləri dəyişdirilir və yenilənir.

4 saylı dərin dəniz özülü 1984-cü ildə fəaliyyətə başlayıb. Özüldə ümumilikdə 20 quyu qazılıb. Bunlardan 10 quyu (9 neft və 1 qaz quyusu) bu gün istismar olunur. Özüldə gündəlik 265 ton neft və 1 ton kondensat hasil edilir. Gündəlik hasil olunan 108 min kubmetr qazın 44 min kubmetri təbii qaz, qalan 64 min kubmetri isə səmt qazıdır. Günəşli yatağının 4 saylı özülü üzərindən eyni zamanda digər özüllərdən də neft və yüksək təzyiqli qaz qəbul edilərək, ilkin texnoloji proseslər aparılmaqla Neft Daşlarına nəql edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır