Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Azərbaycanlıların yaratdığı dənizçilik texnologiya startapı böyük bir layihədə tərəfdaş seçilib

Azərbaycanlılar tərəfindən yaradılan dəniz texnologiyaları startapı MagicPort - www.magicport.ai 11 digər aparıcı gəmiçilik və texnologiya şirkətləri ilə birlikdə Sinqapurda dənizkənarı ekosistemin dayanıqlılığını artırmaq üçün qurulan təşəbbüsə yeni tərəfdaş seçilib.

Bu təşəbbüsə Kuok Maritime qrupu rəhbərlik edir. Qrup PaxOcean, PCL və POSH kimi böyük gəmiçilik şirkətlərini əhatə edir. Təşəbbüs, gəmilərin elektrikləşdirməsi və logistika əməliyyatlarının optimallaşdırılması vasitəsilə dekarbonizasiyanı sürətləndirməyi hədəfləyir. Bu məqsədlə oxşar düşüncəli sənaye oyunçularını birləşdirir. Təşəbbüsün digər tərəfdaşları arasında Jurong Port, Ken Energy, Columbia Ship Management, RMS, ST Engineering və M1 kimi önəmli şirkətlər var.

On bir yeni üzvün təşəbbüsə qoşulması keçən həftə baş verən Sinqapur Dəniz Həftəsində rəsmiləşdirilib. Sinqapurun maliyyə və nəqliyyat naziri Çi Honq Tat qonaq kimi imza mərasimində iştirak edib.

Təşəbbüs Sinqapur sahili boyunca Malakka boğazından keçən çox sayda böyük gəmiyə xidmət edən kiçik gəmilər, qayıqlar və əlaqəli infrastrukturun elektrikləşdirilməsini hədəfləyir. Bu təşəbbüs çərçivəsində sifariş verilən sıfır emissiyalı elektrik gəmiləri dünya miqyasında indiyə qədər sifariş edilən ilk və ən böyük elektriklə işləyən gəmilər olacaq.

MagicPort digər iştirakçılarla birlikdə çalışaraq, müxtəlif logistika oyunçularını birləşdirən və planlaşdırma və cədvəlləşdirmə həlləri ilə əməliyyat optimallaşdırmasına imkan yaradan digital əməkdaşlıq platforması qurur. Bu cür digital platform sayəsində əldə olunan optimizasiya daha böyük elektrik gəmilərinin iqtisadi səmərəli istifadəsinə imkan verəcək. Bu cür digital həllər Sinqapur sularındakı dəniz nəqliyyatındakı tıxacı 20 faiz azalda bilər.

Təsisçi və CEO Əli Qara deyib: “Liman ekosistemində bütün iştirakçılar üçün işi asanlaşdıran və əməliyyatları təkmilləşdirməyi hədəfləyən bir əməkdaşlıq platformu yaradırıq. Sinqapurda sahil ekosistemini elektronlaşdırmaq və karbonsuz hala gətirmək üçün bu böyük təşəbbüsdə eyni fikirli böyük oyunçularla tərəfdaşlıqdan həyəcan duyuruq. Ümid edirik ki, bunu gələcəkdə nümunəvi bir layihə kimi öz ölkəmiz Azərbaycanda və Türkiyədə, xüsusilə də çox gəminin keçdiyi İstanbul boğazında da təkrarlaya bilərik.”

MagicPort ağıllı və dayanıqlı dəniz nəqliyyatı üçün dəniz əməliyyatları iştirakçılarını bir digital platformada birləşdirməyi hədəfləyir. Bu platformda gəmi sahibləri və idarəçiləri, təchizatçılar, agentlər və dənizçilər ehtiyac duyduqları məlumatları taparaq, bir-biri ilə birləşmiş və ağıllı proqramlar vasitəsi ilə çalışa bilərlər. Məqsəd hazırda gəmi əməliyyatlarında baş verən böyük vaxt və resursların sərfini aradan qaldırmaqdır. MagicPort qlobal vençur kapital fondları və xarici gəmiçilik şirkətləri tərəfindən dəstəklənir. Komanda üzvləri Azərbaycan, Türkiyə, Sinqapur, Böyük Britaniya və BƏƏ-də yerləşir.

MagicPort 2021-ci ildə Əli Qara və Tural Əliyev tərəfindən təsis edilib. Əli Stanford Universitetinin məzunudur və əvvəllər BP, Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyasında çalışıb. Tural isə Oksford Universitetinin məzunudur, MagicPorta qoşulmadan əvvəl SOCAR və Kaspi Təhsil Şirkətində çalışdıqdan sonra öz şirkətini qurub.

On bir yeni üzvün təşəbbüsə qoşulmasını rəsmiləşdirən imza mərasimi Sinqapurun maliyyə və nəqliyyat naziri Çi Honq Tatın iştirakı ilə keçirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır