Türkiyə sahillərində 2100 illik gəmi qəzasından qiymətli tapıntılar
Arxeoloqlar Türkiyənin Antalya vilayətinin Adrasan sahillərində təxminən 2100 il əvvəl batan gəmidən minlərlə keramika məmulatı aşkarlayıblar.
“Seanews.az” xəbər verir ki, 42–55 metr dərinlikdə yerləşən gəmi qalıqlarında boşqab, kasa və nimçələrin 122 müxtəlif forma və ölçüsü müəyyən edilib.

Keramika məmulatlarının qədim Rhosus şəhərində – indiki Hatay vilayətinin Arsuz rayonunda hazırlandığı və Aralıq dənizi bazarları, o cümlədən Roma üçün daşındığı bildirilir. Rhosusda istehsal olunan qabların Romada dəbdəbəli süfrə əşyaları kimi tanındığı qeyd olunur.
Gəmidə Egey dənizindəki bəzi adalarda istehsal edildiyi ehtimal olunan amforalar və e.ə. I əsrə aid Antioxiya sikkələri də tapılıb. Tapıntılar gəminin Antioxiya, Egey dənizi, Yunanıstan və İtaliya sahillərini birləşdirən ticarət marşrutundan istifadə etdiyini göstərir.
Tədqiqatçılar gəminin Rhosusdan yola çıxaraq Romaya getdiyini və fırtına zamanı dayaz əraziyə çırpılaraq batdığını düşünürlər. Qabların bir çoxunun yaxşı vəziyyətdə qalması isə onların taxta yeşiklərə yerləşdirilməsi və aralarına gil qoyularaq qorunması ilə əlaqələndirilir.

Sualtı qazıntılar 2025-ci ildə başlayıb və hazırda robotların köməyi ilə davam etdirilir. Tədqiqatların gəmi, yük və həmin dövrün Aralıq dənizi ticarət marşrutları haqqında əlavə məlumat verməsi gözlənilir.

