Yeniyetmə balıqçı Berinq dənizində çevrilmiş qayığın üzərində günlərlə sağ qalıb
ABŞ-nin Alyaska ştatında 15 yaşlı balıqçı Berinq dənizində çevrilən kiçik qayığın gövdəsi üzərində bir neçə gün sağ qalmağı bacarıb. O, xilas edilib.
“Seanews.az” xəbər verir ki, Savoonga kəndindən balıq ovuna çıxan yeniyetmə iki qohumu ilə birlikdə qayığın çevrilməsindən sonra dənizdə qalıb. Onun 19 yaşlı qardaşı və əmisi oğlu həlak olub.
ABŞ Sahil Mühafizəsinin axtarış təyyarəsi bazar ertəsi çevrilmiş qayığı Sent-Lourens adasından təxminən 4 mil şərqdə aşkarlayıb. Təyyarə xilasetmə vasitələri ataraq yaxınlıqdakı “Northwest Explorer” gəmisini hadisə yerinə yönəldib.
Gəminin ekipajı dörd saat sonra 15 yaşlı yeniyetməni qayığın gövdəsinin üzərində taparaq xilas edib. Hipotermiya əlamətləri müşahidə olunan yeniyetmənin vəziyyətinin yaxşı olduğu bildirilib. Həlak olan iki şəxsin meyitləri də sudan çıxarılıb.

