ADDA professorunun həmmüəllifi olduğu dərslik qazax dilində nəşr olunub
Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) "Tətbiqi mexanika" kafedrasının müdiri professor Yusif Həsənovun həmmüəllifliyi ilə ərsəyə gələn "Metrologiya: Ölçmə nəticələrinin işlənməsi, qeyri-müəyyənlik və normativ təminat" adlı monoqrafiya qazax dilinə tərcümə olunaraq nəşr edilib və Qazaxıstanın ali təhsil müəssisələrinə dərs vəsaiti kimi təqdim olunub.
Vəsait Qazaxıstanın aparıcı metrologiya institutlarının və K.İ. Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin alimləri tərəfindən yüksək qiymətləndirilib. Monoqrafiyanın qazax dilində nəşri onun daha geniş oxucu auditoriyasına çatdırılmasına, eləcə də metrologiya sahəsində tədris və elmi araşdırmalarda istifadəsinə imkan yaradacaq.
237 səhifədən ibarət nəşrdə müasir metrologiyanın aktual məsələləri, ölçmə nəticələrinin riyazi işlənməsi metodları, etalonların və ölçmə vasitələrinin metroloji xarakteristikaları, həmçinin iyerarxik sistemlərin yaradılması prinsipləri nəzəri və praktiki baxımdan ətraflı izah olunur. Kitabda Beynəlxalq Ölçü və Çəki Bürosunun (BIPM) və Beynəlxalq Qanunvericilik Metrologiyası Təşkilatının (OIML) tövsiyələri əsasında müxtəlif ölçmə növləri üzrə qeyri-müəyyənliyin qiymətləndirilməsi metodları konkret hesablamalar və modellərlə təqdim edilib.
Dərslik metrologiya, standartlaşdırma və sertifikatlaşdırma sahəsində çalışan mütəxəssislər, elmi tədqiqatçılar, eləcə də texniki ixtisaslar üzrə təhsil alan tələbələr üçün mühüm elmi mənbə hesab olunur.

