Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-22,
Seanews
Heyder Eliyev

"İlin gənc dənizçisi" nominasiyasının qalibi: "Ən böyük arzum "Aframax" tipli gəmilərdə işləməkdir"

Həmsöhbətimiz ASCO-nun hər il açıqladığı “Ən yaxşılar” siyahısında yer alan “İlin gənc dənizçisi” nominasiyasının ötən il üzrə qaliblərindən biri, “Nefteqaz 62” gəmisinin III mexaniki, Vətən müharibəsinin iştirakçısı Osman Məmmədzadədir. Gəlin onu yaxından tanıyaq.

Osman Məmmədzadə 2 oktyabr 1996-ci ildə Bakıda dünyaya göz açıb.

2013-cü ildə orta məktəbi bitirdikdən sonra ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasına qəbul olub. Təhsilini başa vurduqdan sonra özünü bir neçə sahədə sınayıb: satıcı, fəhə, mühafizəçi, qeydiyyatçı və s.

O, üç il ərzində təxminən 10-a yaxın iş yeri dəyişib. Nəhayət, 2021-ci ildə karyera baxımından ən böyük arzusuna çatıb. ASCO-nun işə qəbul müsabiqəsindən uğurla keçərək Xəzər Dəniz Neft Donanmasının “Geofizik” gəmisində motorçu kimi əmək fəaliyyətinə başlayıb. 2023-cü ilədək “Atamoğlan Kərimov”, “General Əliağa Şıxlinski”, “Türkan”, “Suqovuşan” kimi gəmilərdə motorçu olaraq çalışıb. Ötən ilin mayından isə karyera yolunda daha bir pillə irəliləyib: III mexanik olmağı bacarıb. O, hazırda “Nefteqaz 62” gəmisində işləyir.

Dənizçiliyə çoxları kimi uşaqlıqdan maraq göstərdiyini deyir: “Ən vacib olan istəkdir. Mən uşaqlıqdan dənizçi olmaq istəyirdim. Həmişə mənə “böyüyəndə kim olacaqsan?” sualı veriləndə cavabım dənizçi olub.  Görünür, “niyətin hara, mənzilin ora” məsəli doğruymuş.”

Osman, bəs, işdə əsas nədir?

-      Birmənalı olaraq sevgi! İşini sevməsən, işdən zövq ala bilməzsən, işinə aşiq olmasan, xoşbəxtlik səndən qaçar. Mən bunu hardasa, nə vaxtsa oxumuşam və bu prinsiplə də işimə yanaşıram. Sevgi varsa, hər şey var: vicdan, məsuliyyət, uğur və s.

Sizi dənizçi peşəsinə bağlayan səbəb nədir?

-      Dənizin də, gəminin də xüsusi bir sehri var. Uşaqlıqdan bu sehr məni özünə doğru çəkib. Fəxr edirəm ki, dənizçiyəm. Fəxr edirəm ki, üçrəngli bayrağımızın dalğalandığı gəmidə vətənimə xidmət edirəm.

Sizə görə dənizçi peşəsinin ən böyük üstünlüyü nədir?

-      Çoxdur, saysaq, bitməz. Amma mənə görə, ən böyük üstünlüklərindən biri işə getmək üçün vaxt itirməməkdir. Oyandın, yeməyini yedin və maksimum iki dəqiqəyə işinin başındasan. Harada var belə bir iş? (gülür)

Dalğalar, tufan, güclü külək...Yəqin ki, belə hallar Xəzərdə tez-tez olur. Necə yola gedirsiniz?

-      Atamın bir sözü var, deyir ki, qılınc döyüşdə bərkiyər. Bunu bizim peşəyə uyğunlaşdırsaq, deyə bilərəm ki, dənizçi də elə sərt havalarda möhkəmlənər. Dənizin şıltaqlıqlarına tab gətirmək üçün xüsusi bir yol yoxdur. Bunun üçün dənizçi cəsur olmalıdır.

Bəs, təhlükəli havalarda işləmək çətin olmur?

-      Elə işimizin özəlliyi də budur: nə olursa, olsun gəminin təhlükəsizliyini təmin etməliyik. İlk vaxtlar çətin gəlirdi, amma cəmi bir il sonra insan öyrəşir, başa düşürsən ki, sən elə bu şəraitdə işləməlisən.

Təbii ki, həmkarlarınız sizin gəmidə III mexanik olaraq vəzifənizin nə olduğunu yaxşı bilir. Amma bu müsahibəni oxuyanlar arasında dənizçi olmayanlar da var və onlara maraqlıdır ki, gəmidə III mexanik hansı işləri yerinə yetirir?

-      Sadə dildə desək, III mexanik növbədə olan zaman gəmidə işləyən və işləməyən bütün mexanizmlərə cavabdeh şəxsdir. Bütün mexanizmlər dedikdə isə, bura gəmini hərəkətə gətirən baş və köməkçi mühərriklər, dizel generatorlar, işıqlandırma sistemləri, kompressorlar, mühərrikin işini təmin edən nasoslar, yanğındöndürən nasoslar və s daxildir.

Siz ASCO-nun “İlin gənc dənizçisi” (2023-cü il üzrə) nominasiyasının qaliblərindən birisiniz. Bu barədə nə demək istəyərdiniz?

-      Bu mənim üçün böyük motivasiyadır. Gənclik enerjili olmalıdır, yenilikçi ruhu mütləqdir. Əminliklə deyirəm ki, belə müsabiqələrdə qalib olmaq gücümüzə güc qatır, adamı daha böyük həvəslə işləməyə imkan verir. ASCO rəhbərliyi başda olmaqla, məni bu ada layiq görən hər kəsə təşəkkür edirəm. Çalışacağam ki, etimadı doğruldum.

Bir az əvvəl dedin ki, dənizçi cəsur olmalıdır. Bunu tanıdığım bütün dənizçilər deyirlər. Hər halda elə-belə yaranmış ifadə deyil.

-      Həqiqətən də bu belədir. Dənizçisənsə, cəsur olmalısan. Xüsusilə, bizim dənizçilər, azərbaycanlı dənizçilər haqqında bu sözü tez-tez işlədirlər. Fəxr edə bilərik ki, dənizçilərimiz dünyada cəsurluğu və həm də mən deyərdim ki, məğrurluqları ilə tanınırlar. 

Məğrurluqdan söz düşmüşkən, sən həm də 44 günlük Vətən müharibəsi iştirakçısısan. Qısa da olsa, döyüş yolun haqqında məlumat verərdin.

-      Bəli, mən qürur duyuram ki, hamımız üçün şərəfli sayılan o günlərin həm şahidi, həm də iştirakçısı olmuşam. Biz düşmənə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əsl dəmir yumruğu göstərdik, onlara qalib gəldik. Mən 2020-ci il sentyabrında təlimlərə cəlb olundum. Daha sonra Füzuli, Hadrut, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etdim. Onu da deyim ki, Prezidentimizin Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşam.

 

Gələcəklə bağlı nə kimi hədəf və məqsədlərin var?

-      Peşəmlə bağlı soruşursunuzsa, indi ən böyük hədəfim Azərbaycan Bayrağı altında üzən “Aframax” tipli gəmilərdə işləməkdir. O gəmilərdə işləmək mənim üçün qürurverici olardı. Əminəm ki, karyeramla bağlı indiyədək bütün arzularıma çatdığım kimi, bunu da bacaracağam. Ən azından çalışıram, biliklərimi artırıram və əvvəldə də dediyim kimi, bunu ürəkdən istəyirəm.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır