Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-17,
Seanews
Heyder Eliyev

“ONE” şirkəti 3 illik fasilədən sonra Süveyş kanalından keçidlərə başlayıb

Yaponiyanın “Ocean Network Express” (ONE) konteyner daşımaları şirkəti təxminən üç illik fasilədən sonra Süveyş kanalı marşrutuna qayıdıb. Bu addım şirkətin tərəfdaşları və digər iri daşıyıcıların ənənəvi marşrutdan istifadəyə yenidən başlaması fonunda atılıb.

“Seanews.az” xəbər verir ki, noyabrın 15-də 8110 TEU tutumlu “ONE Continuity” konteyner gəmisi Sinqapurdan Niderlanda gedərkən kanalın şimala doğru hərəkət edən karvanı ilə keçid edib.

Süveyş Kanalı Administrasiyasının məlumatına görə, qayıdış “HMM” və “Yang Ming” şirkətlərinin də daxil olduğu “Premier Alliance” ilə razılaşdırılmış proqram çərçivəsində həyata keçirilir. Alyansın daha üç marşrutunun da Afrikanın cənubundan yan keçmək əvəzinə Süveyş kanalına yönəldilməsi nəzərdə tutulur.

Bundan əvvəl “Maersk” və “Hapag-Lloyd” şirkətləri də “Gemini Cooperation” çərçivəsində fəaliyyət göstərən üç əsas marşrut üzrə Süveyş kanalına qayıdacaqlarını açıqlayıblar. Dekabr-yanvar aylarında Asiya ilə Şimali Avropa arasında hərəkət edən daha çox iri konteyner gəmisinin bu marşruta qaytarılması planlaşdırılır.

“Drewry” araşdırma şirkətinin hesablamalarına görə, noyabrın ilk həftəsində 53 konteyner gəmisi Süveyş kanalından keçib. “BIMCO” təşkilatının məlumatına əsasən isə oktyabrın əvvəlində kanaldan keçən konteyner tutumu həftədə orta hesabla 753 min TEU təşkil edib. Bu, 2023-cü ilin sonlarında husilərin hücumları ilə bağlı böhranın başlanmasından sonra konteyner daşımaları üzrə tutumun yarıdan çoxunun Qırmızı dəniz marşrutlarına qayıtdığı ilk dövr olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır