Hörmüz boğazında LPG daşıyan tankerə hücum edilib, maşın şöbəsində yanğın baş verib
Noyabrın 16-da Hörmüz boğazından keçən Panama bayrağı altında üzən “Tara Gas” mayeləşdirilmiş neft qazı (LPG) tankeri hücuma məruz qalıb.
“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, zərbə nəticəsində gəmi hərəkət qabiliyyətini itirib və maşın şöbəsində yanğın baş verib. Heyət üzvlərinin hamısının təhlükəsiz olduğu bildirilir.
Dəniz təhlükəsizliyi üzrə “Vanguard Tech” şirkətinin məlumatına görə, hadisə Oman sahillərində, Xasab limanından 7 dəniz mili şimalda qeydə alınıb.
“Pole Star Global” şirkətinin məlumatına əsasən, “Tara Gas” tankeri “Global Gas Inc” şirkətinə məxsusdur və BƏƏ-də fəaliyyət göstərən “Matrix Maritime Solutions” tərəfindən idarə olunur.
Məlumatda bildirilir ki, bu hadisə noyabr ayında Hörmüz boğazı və ətrafında qeydə alınan, ticarət gəmilərinə qarşı azı 17-ci hücumdur.

