Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-30,
Seanews
Heyder Eliyev

Zaur Nağıyev: ASCO 13 yeni gəminin tikintisinə dair sifariş verib 

Son beş ildə dünyada baş verən “COVID-19” pandemiyası, Ukraynadakı müharibə və Yaxın Şərqdəki münaqişələr kimi mürəkkəb geosiyasi vəziyyətlərə baxmayaraq, bu dalğalı sularda ASCO sükanı uğurla saxlaya bilib. Rusiya Federasiyası və Ukraynada, həmçinin Qara və Xəzər dənizlərində ənənəvi bazarlarda yaranan çətinliklər ASCO-nun əməliyyatlarının tez və effektiv şəkildə yenidən qurulmasını tələb edib. Bu dövr şirkətimiz üçün uyğunlaşma, çeviklik və vaxtında hərəkət etməyin əhəmiyyətini bir daha vurğulayıb.

Bunu Trend müsahibəsində ASCO-nun İdarə Heyəti sədrinin müavini Zaur Nağıyev deyib.

O bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, yeni çağırışlar və imkanlar nəzərə alınaraq, ASCO-nun Müşahidə Şurası Xəzər dənizindən kənarda daha da genişlənməyə, yeni seqmentlərə daxil olmağa və davamlı inkişafın təmin edilməsinə yönəlmiş strategiyanı təsdiqləyib:

"Son illərdə daha böyük gəmilər, o cümlədən “Aframax” tankeri və “Handysize” tipli balkerlərlə iki yeni bazar seqmentinə daxil olduq. Sözsüz ki, bu yeni təşəbbüslər bizə yeni tərəfdaşlarla qarşılıqlı fayda və hörmət üzərində qurulmuş dayanıqlı əlaqələr qurmağa imkan verdi."

Sədr müavini ötən dövrdə donanmanın yenilənməsi istiqamətində həyata keçirilən layihələrə də toxunub:

"Son beş ildə ASCO tərəfindən həyata keçirilən və planlaşdırılan layihələr nəticəsində donanmamızın dedveytini, demək olar ki, ikiqat artırmışıq. İkinci əl gəmilər əldə etməklə yanaşı, ASCO yeni tikinti layihələrinə də sərmayə qoyub. Qeyd olunan dövrdə iki Ro-Pax və dörd tanker olmaqla, ümumilikdə altı yeni gəmi istismara qəbul edilib. 2022-2024-cü illər ərzində bir Ro-Pax, üç ədəd 8 min ton dedveytə malik kimyəvi məhsullar daşıyan tanker, üç ədəd sürətli sərnişin gəmisi, dörd ədəd dalğıc gəmisi və iki ədəd 9800 ton dedveytlik quru yük gəmisi də daxil olmaqla, 13 yeni gəminin tikintisinə dair sifarişi verilib. Bütün bu layihələrin 2-3 il ərzində təhvil verilməsi gözlənilir.

Gəmilərin alınması və tikintisi zamanı yüksək tələblər, keyfiyyət və ətraf mühitə uyğunluq əsas götürülür. Məqsədimiz müştərilərimizə ən müasir gəmilərlə xidmət göstərmək, eləcə də minimum tullantı və emissiyalarla ətraf mühitin qorunmasına töhfə verməkdir. İnanırıq ki, bu dəyərlər müştərilərimiz tərəfindən yüksək qiymətləndirilir və davamlı inkişafa hədəflənmiş birgə fəaliyyətimizi daha da gücləndirir."

Z.Nağıyev ASCO-da davamlılıq, şəffaflıq və bərabərliyi təmin etmək prinsiplərinin necə tətbiq olunduğu barədə də danışıb.

"Donanmanın inkişafı və ekoloji məsələlərlə yanaşı, işçilərimizin rifahı bizim üçün əsas prioritetlər sırasındadır. Biz hamı üçün ədalətli rəftar və layiqli iş şəraitinin təmin edilməsinə sadiqik. İstənilən ayrı-seçkilik, təqib və ya bərabərsizliyə qarşı sıfır dözümlülük ilə biz ailəmizin hər bir üzvünün yanındayıq, ehtiyacı olanlara xüsusi qayğı göstərərək inklüziv və dəstəkləyici iş mühitini daim gücləndiririk.

Biz həmçinin davamlılıq, şəffaflıq və bərabərliyi təmin edən məsuliyyətli biznes təcrübələrinə sadiqik. G20/OECD-nin Korporativ İdarəetmə Prinsipləri, Birləşmiş Millətlər Təşkilatının Minilliyin İnkişafı Hədəfləri və ISO 37001:2016 kimi beynəlxalq standartlara əsaslanırıq. Hədəfimiz yalnız müasir standartlara uyğun fəaliyyət göstərmək deyil, həm də ASCO-nun beynəlxalq səviyyədə nüfuzunu artırmaqdır. Biz insan kapitalına investisiya yatırılmasının əhəmiyyətini qəbul edir və bunu uzunmüddətli dayanıqlı inkişafın bir hissəsi kimi əsas götürürük.

Ümumiyyətlə, bütün cari və planlaşdırılan fəaliyyətlər gələcək nəsillərə fayda verəcək nəticələr təmin etməyə yönəlib. Növbəti illərdə biz qarşıya qoyulan bütün strateji hədəflərə çatmağı, gələcəkdə də müştərilərimizə yüksək keyfiyyətli xidmətlər təqdim etməyi və ekoloji standartlara uyğun fəaliyyət göstərməyi hədəfləyirik. İnanırıq ki, növbəti illərdə də Prezident İlham Əliyevin dəniz nəqliyyatı sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində gəlirlərini əhəmiyyətli dərəcədə artırmış, təşkilati strukturunu daha da təkmilləşdirmiş, yenilənmiş donanması, digər bazar seqmentlərində güclü mövcudluğu, eləcə də şirkətimizi müvəffəqiyyətlə idarə edən məmnun işçilərə malik transformasiya olunmuş ASCO olaraq gələcəyə doğru irəliləyəcəyik", - deyə sədr müavini qeyd edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır