Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

CMS–layihələrin vaxtında icra edilməsi üçün təhlükəsiz və etibarlı tərəfdaşdır

Xəzərdə olan neft platformalarına xidmət göstərən və dərinsulu “Şahdəniz-2” layihəsinin tikilməsində fəal iştirak edən “Caspian Marine Services Limited” (CMS) şirkəti Azərbaycanda saxladığı gəmi donanmasını getdikcə genişləndirir. Şirkət bunun üçün yeni gəmilər almaqla yanaşı, kadr potensialına görə də hövzənin ən peşəkar brendi hesab olunur.

Kadrlardan söz düşmüşkən, müsahiblərimiz CMS-in Maliyyə və Mühasibatlıq üzrə meneceri Hikmət Fərəcli, departamentin məsul əməkdaşları, böyük mühasib Natavan Qədirova və Büdcə və Xərclərə Nəzarətçi İsmayıl Qasımovdur.   

 

Hikmət Fərəcli  – CMS-nin Maliyyə və Mühasibatlıq üzrə meneceri

– CMS şirkətinin  fəaliyyəti ilə bağlı layihələr xüsusilə  2017-ci ilin 3-cü rübündə  yekunlaşdırmalı olduğu “Şahdəniz-2 ” layihəsində işlər nə yerdədir? Azərbaycanda həyata keçirilən bu layihələrin gəlirlilik və maliyyə baxımından şirkətlərə hansı faydaları oldu?

– “Caspian Marine Services” gəmiçilik şirkəti olaraq  Azərbaycanda karbohidrogen  və  qeyri-karbohidrogen fəaliyyəti göstərir . Fəaliyyətimizin əsas hissəsini karbohidrogen fəaliyyəti üzrə BP, Saipem, Total kimi şirkətlərə dəniz nəqliyyat xidməti göstərməkdən ibarətdir. Son dövrlərdə neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq dünyada, o cümlədən, Azərbaycanda da neft sahəsində çalışan şirkətlərdə iş həcminin azalması dolayısı ilə bizim də işimizin həcminin düşməsinə gətirib çıxarıb. Digər tərəfdən CMS-in Şahdəniz-2 layihəsi çərçivəsində işlərinin həcminin artması nəticəsində şirkətin karbohidrogen fəaliyyəti üzrə dövriyyəsi  artmış və maksimum həddə çatmışdır. Belə ki, şirkətimizdə 2014-cü ildə karbohidrogen fəaliyyəti 86%, qeyri-karbohidrogen fəaliyyəti isə 14% təşkil edirdisə, 2015-ci ildə bu rəqəmlər müvafiq olaraq 92% və 8%  olub. Bu təsirlər getdikcə artdığına görə, 2016-ci ildə bizdə karbohidrogen fəaliyyəti 98%-ə çatıb. Qeyri-karbohidrogen sektorunda isə işlərimizin həcmi 2%-ə yaxın olub. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə CMS şirkəti birlikdə alyans olaraq Şahdəniz-2 layihəsində işlərin görülməsinə 15-dən artıq gəmi ilə başlamışdır. Hal-hazırda işlərin böyük əksəriyyəti  yəni 9 gəmi işini uğurla, vaxtında və təhlükəsiz olaraq başa çatdırmışdır. Bundan əlavə, layihədə işləyən 6 gəmimiz  noyabr ayında işlərini tam yekunlaşdıracaq.  Şahdəniz-2 layihəsində iştirakımız şirkətimizin donanmasının böyüməsi, yeni işçilərin işlə təmin edilməsi və bu dövr ərzində fəaliyyətimizin genişlənməsi və gəlirlərin daha da artmasına yardımçı oldu. Xüsusilə vurğulamaq istərdim ki, 2017-ci ildə biz “Şahdəniz 2” layihəsində iştirak edən bütün heyətimizin əmək haqqında artımlar etdik, onlara əlavə pul mükafatları verildi. Bildirmək istəyirəm ki,  biz “Şahdəniz 2” layihəsində iştirakımızla əlaqədar olaraq Azərbaycana 2014-cü ildən başlayaraq  8 gəmi gətirmişik ki, bunun da nəticəsində CMS üzərinə götürdüyü öhdəliyi yüksək keyfiyyətlə, təhlükəsiz və etibarlı şəkildə yerinə yetirmişdir. Bu da gələcək layihələrdə bizim yeni işlərə cəlb olunmağımız üçün öz töhfəsini verəcəkdir. Digər tərəfdən Şahdəniz-2 layihəsində işləri bitmiş gəmilərin yeni layihələrə cəlb edilməsini planlaşdırırıq.

– Digər layihələr deyərkən hansı fəaliyyət istiqamətlərini nəzərdə tutursuz?

– Bu il alyans müqaviləsi çərçivəsində Qurban Abasov gəmisi Rusiyada 2 aylıq müqavilə əsasında layihəyə cəlb olunmuş və işlər uğurla başa çatdırılmışdır. Digər tərəfdən, vaxtilə “Şahdəniz 2” layihəsi üçün gətirilən üç karqo  gəmisi həmin layihədə işləri başa çatdırdığından xarici sularda yük daşımaları həyata keçirməkdədir. Həmçinin qeyd edim ki, Gülüstan sərnişin gəmisi də hal-hazırda Rusiyada dəniz nəqliyyat xidməti göstərməkdədir. Bundan əlavə, Qurban Abasov kran gəmisinin noyabr ayında  Rusiyada işə başlaması nəzərdə tutulub. Eyni zamanda Total E&P Abşeron şirkəti tərəfindən  Abşeron yatağı sazişi çərçivəsində İslay və Jura yedək-təchizat gəmiləri işə başlamışdır, ilin sonunadək Cəbrayıl təchizat gəmisinin istismarı nəzərdə tutulub.

– Şirkətinizdə maliyyə hesabatları hazırlanarkən hansı standartlarla işləyirsiz?

– CMS şirkətində bütün maliyyə heabatları beynəlxalq standartlara əsasən tərtib edilməkdədir. Beynəlxalq və vergi uçotu arasındakı bəzi fərqləri nəzərə alaraq, bütün vergi öhdəliklərinin yerli qanunvericiliyə uyğun şəkildə yerinə yetirilməsi üçün vergi uçotuna əsasən də hesabatlar hazırlanır. Eyni zamanda dünyanın dörd nəhəng audit şirkətlərindən biri olan PWC (PricewaterhouseCoopers) hər il bizim şirkətdə audit yoxlaması aparır. Beynəlxalq standartlara uyğun olaraq bizim hesabatları yoxlayıb, rəy verir. Bundan başqa, şirkətimizin fəaliyyəti əsasən xarici şirkətlərlə bağlanan müqavilələr əsasında qurulub.

 

– CMS xarici şirkətin filialı olaraq yerli işçilərə üstünlük verirmi?

– Şirkətimiz xarici şirkət filialı olmasına baxmayaraq CMS -in bütün gəmi heyəti yerli kadrlardan təşkil olunub. Həmçinin, bizim şirkətin xarici şirkətlərlə birbaşa əməkdaşlıq etdiyini nəzərə alaraq Azərbaycandan kənarda işləyən yüksək ixtisaslı yerli mütəxəssisləri CMS -ə cəlb etmişik. Bu da yerli işçilərə verilən önəmin nümunəsidir və hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.

– Şirkətin maliyyə şəffaflığı nə deməkdir? Başlıca meyarlar nələrdir? 

– Əvvəl qeyd etdiyim kimi, şirkətin maliyyə şəffaflığı audit şirkəti tərəfindən bütün hesabatların yoxlanılması və  müqavilələrdə  qarşı tərəfin  şəffaflıq prinsipinə əməl olunması öhdəliyi ilə  tənzimlənir. Bəzən, ən böyük iş partnyorlarımızdan biri olan BP onlarla razılaşdırılmış müqavilənin şərtlərinə əsasən yoxlamalar aparır ki, bu da şirkətimizdə istər alış, istərsə də satış əməliyyatlarının tam şəffaf şəkildə icra edilməsinin bariz nümunəsidir. Onların nümayəndələri tərəfindən bizim şirkətdə seçmə üsulu ilə şirkətin göstərdiyi fəaliyyətlər, eyni zamanda bizə xidmət edən podratçılar üzrə yoxlamalar aparırlar. Digər məsələni də vurğulamaq vacibdir ki, CMS şirkəti də öz təchizatçıları ilə müqavilə imzalayarkən əməkdaşlıqdan öncə şəffaflıq məsələsini əsas tutaraq lazımi hallarda bu şirkətlərdə yoxlama apara bilir. Həmçinin şirkətin fəaliyyətinin daha da genişləndirilməsi üçün Avropa Yenidənqurma  İnkişaf  Bankı (AYİB) ilə kredit xətti üzrə razılaşmamız oldu və kredit götürmək barədə müqavilə imzalanıb. Bu razılığın əldə edilməsi üçün həmin  bank tərəfindən bizim bütün fəaliyyətimiz yoxlanıldı və nəticədə CMS şirkətinə kredit verilməsi təsdiq olundu. Qeyd etmək yerinə düşər ki, AYİB –dən kredit götürmək özlüyündə şirkətin potensialının və şəffaflığının nümunəsidir.

– Əsrin müqaviləsinin uzadılmasının CMS-in gələcək planlarına hansı təsirləri var?

– Həmin müqavilə ilə xidmət göstərən şirkətlərlə biz əməkdaşlıq edirik, müqavilələrimiz  var, onlara xidmət göstəririk. Müqavilənin müddətinin uzadılması avtomatik şəkildə bizim işimizin də davamlı olacağını göstərir. Bundan əlavə, bu çərçivədə yeni platformaların tikilməsi və hal-hazırki bəzi platformalarda aparılacaq modernizasiya işlərində sözsüz ki, bizim gəmilərə ehtiyac yaranacaqdır. Bu, yerli işçi qüvvələrinin işlə təminatı, onların sosial müdafiəsi baxımından da böyük əhəmiyyət daşıyır. Xarici şirkətin filialı olmasına baxmayaraq işçi heyətinin demək olar ki, hamısı yerli kadrlardan təşkil olunduğundan, bu da yeni iş yerlərinin açılması və uzunmüddətli layihələrin icrası baxımından çox vacibdir. Həmçinin, yeni layihələr donanmanın daha da genişlənməsinə səbəb olur.   

 

Natavan Qədirova – Böyük mühasib

– Maliyyə ancaq pul deməkdir, yoxsa onun hansısa ayrıca maddələri var? Şirkətin maliyyə departamentində əsas bölmələr hansılardır?

– Əlbəttə, maliyyə ancaq pul demək deyil. Maliyyə –  insanlar, təşkilatlar və ölkələr arasında pulun  dövriyyəsi ilə  əlaqəli olan  münasibətlər sistemidir, yəni puldan törəmə dəyərinə sahibdir. Pul bu sistemdə digər maliyyə alətləri – qiymətli kağızlar, istiqrazlar kimi vasitəçi alət rolunu oynayır. Pul – mal və xidmətlərin ödəniş vasitəsi,  dəyərin qiymətləndirilməsi vasitəsi, yığım aləti və ümumiyyətlə insanlığın ən yaxşı ixtiralarından biridir.

– Hesabatları necə həyata keçirirsiniz?

– “CMS”  Azərbaycan ərazisində xarici şirkətin  nümayəndəsi  olduğu  üçün   biz  təsisçilər qarşısında  hesabatlılığın  vacibliyini nəzərə alır, eyni zamanda  CMS-ə  öz imkanlarını  reallaşdırmağa  imkan  yaradan ölkəmizin  qanunlarına hörmətlə yanaşırıq. Bununla  əlaqədar olaraq  hesabatlarımızı   iki variantda  tərtib edirik. Eyni zamanda,  hər il  həm vergi təşkilatları tərəfindən, həm də  müstəqil beynəlxalq audit yoxlamasından  keçiririk. Hesab edirəm ki, məlumatın şəffaflığı ilə məxfiliyi  arasında  dəqiq  hədd qoyulması vacibdir. Daxili məlumatın  yayılması   rəqiblərə  üstünlük və imkanlar  verə bilər.  Şəffaflıq bazarın mövcud iştirakçıları üçün hazırkı vəziyyət haqqında qərar və tədbirlər barədə məlumatın əldə edilə biləcəyi və başa düşülən şərait yaratmaq deməkdir. Bu gün  şəffaflıq  adı altında çox vaxt kommersiya əməliyyatlarına aid  olan həm maliyyə, eləcə də qeyri-maliyyə məlumatlarını yayılması, təhlükəsizliyi,  rəqiblərlə  nisbətdə kampaniyanın vəziyyəti və onun sosial  məsuliyyətliyinə aid olan  məlumatlar  başa düşülür.

 

İsmayıl Qasımov  Büdcə və Xərclərə Nəzarətçi

– 2016-cı ildə CMS bir neçə yeni gəmi aldı. Bu il də bu tendensiya davam edir. Maraqlıdır, şirkətin investisiya portfelinin əsas hədəfləri barədə nə deyə bilərsiniz?

– 2016-cı ildə sürətli sərnişin gəmisi olan Rəşid Behbudov Azərbaycana gətirildi və keçən ilin sonundan BP şirkətinə xidmət göstərməkdədir. Bu il isə 2 yeni təchizat gəmisinin ölkəmizə gətirilməsinə nail olduq ki, bu gəmilər də artıq yeni imzalanmış müqavilələrə əsasən istismardadırlar. Əlavə olaraq bildirmək istərdim ki, investisiya portfelinin həcmi ilə bərabər onun düzgün şəkildə diversifikasiya edilib idarəolunmasıdır ki, şirkətin daha da böyüməsinə nail olaq. Bu səbəbdən də, hal-hazırda bir çox yeni layihə üzərində çalışırıq və yaxın zamanlarda gəmilərin yeni layihələrdə istismarına başlanılacaq ki, bu da uzunmüddətli dövrdə CMS şirkətinin maliyyə ehtiyatının daha da artması ilə nəticələnəcəkdir. Bu çərçivədə artıq Abşeron yatağının işlənməsi ilə əlaqədar SOCAR və TOTAL şirkətinin birgə müəsisəsi olan Total E&P Abşeron (TEPAb) ilə imzalana müqaviləyə əsasən artıq 2 gəmimiz onlara xidmət göstərməkdədir. Bu il yeni alınan Cəbrayıl təchizat gəmisi də yaxın aylarda işlərə başlayacaqdır. Bir məsələni də qeyd etmək vacibdir ki,CMS şirkəti olaraq əməliyyatların təhlükəsiz və keyfiyyətli şəkildə icrası üçün əlavə olaraq maliyyə vəsaiti xərclənir. Lakin bu xərcin gələcəkdə olan töhfəsini nəzərə alaraq ona biz CMS şirkəti olaraq uzunmüddətli investisiya kimi yanaşırıq. Çünki şirkətimiz artıq Azərbaycanda layihənin təhlükəsiz, vaxtında və keyfiyyətli icrası baxımından artıqlamasilə etibar qazanıb ki, bu da qeyd etdiyim əlavə sərf olunan vəsaitlərin və kompleks yanaşmanın nəticəsidir. Sözsüz ki, gələcək layihələrdə bu CMS –in ilk seçim olaraq önə çıxmasında böyük əhəmiyyət kəsb edir.

– Neft-qaz sahəsində baş verən böhranın gəmiçiliyə təsirləri olubmu? Həmçinin gəlirlərin bir mənbədən asılılığını aradan qaldırmaq üçün planlar varmı?

– Neft hasil edən ölkələrdə və ümumiyyətlə neft-qaz sahəsində baş verən mənfi tendensiya və durğunluq bu sahə ilə bağlı digər sektorlara da öz təsirini bilavasitə və ya dolayı yolla göstərdiyi kimi təbii olaraq gəmiçilikdə də öz mənfi effektlerini büruzə verməkdədir. Belə ki, neftin qiymətinin azalması neft-qaz layihələri üzrə investisiyaların gəlirliliyini azaltmaqla investorların və neft-qaz şirkətlərinin bir çox layihələri dondurmasına və ya  birdəfəlik dayandırmasına səbəb olub. Nəticədə dənizdə həyata keçirilən əməliyyatlara cəlb edilən gəmilərə tələb azalır. Bir tərəfdən istismar edirlən gəmilərin sayının azalması digər tərəfdən isə tələbin azalması nəticəsində gəmilər üzrə təklif edilən bazar qiymətlərinin aşağı düşməsi gəmiçilik şirkətlərinin gəlirlərinin azalması isə nəticələnir. Bu səbəbdən diversifikasiya məsələsi mühüm faktor olaraq ön plana keçir. CMS olaraq donanmada olan gəmilərin növlərini artırmaqla tələbin daha çox olduğu sahələrə yönəlmiş oluruq. Açıq şəkildə desək, tikinti-quraşdırma gəmiləri işləri bitdikdən sonra eyni layihənin davamı olaraq daha çox təchizat gəmilərinə tələb yaranır. Bu səbəbdən donanmada təchizat, sərnişin, karqo, tanker və tikinti işlərinə cəlb ediləcək müxtəlif növ gəmilərin olması mühüm əhəmiyyət kəsb edir. Nəticədə, bir layihədə gəlir azaldığı zaman digər analoji layihələrdə gəlirin artımı yekunu olaraq gəlirlərin azalmasının qarşısının alınmasına xidmət edir.Həmçinin layihə müddətində əməliyyatların icrası baxımından sərnişin gəmilərinə daima tələb olduğundan bu tip gəmilər vasitəsilə CMS olaraq uzunmüddətli layihələr çərçivəsində özümüzü stabil və davamlı gəlir nöqteyi nəzərdən sığortalamış oluruq.

– Gəmilərin xarici bazarlara çıxarılması gəlirlilik baxımından nə dərəcədə cəlbedicidir?

– Son illərdə ölkədə iqtisadiyyatında baş verən dəyişiklikləri nəzərə alaraq qeyd edərdim ki, xarici bazarlara çıxış həm ölkəmiz üçün həm də şirkətimiz üçün əhəmiyyətli rol oynayır. Nəzərə alsaq ki, xarici bazarlara çıxış iqtisadi cəhətdən sərfəli olmaqla yanaşı, eyni zamanda yeni imkanlar və təcrübə baxımından da mühümdür.  İlk növbədə vurğulamaq lazımdır ki, xarici ölkələrdə layihələrə qoşulmaqla valyutada olan gəlir payımız daha da artacaqdır. Bu da indiki zamanda mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda bu layihələrdə təcrübə gələcək daha böyük layihələrdə iştirakımız üçün giriş qapısı rolunu oynayır ki, yeni layihələr də əlavə maliyyə cəlbi və daha da böyümə imkanları yaradır. Bir məsələni qeyd etmək vacibdir ki, Xəzər hövzəsində dərinsulu hissələrdə gəmiçilərimiz böyük təcrübəyə malikdir ki, Qazaxıstan Türkmənistan kimi ölkələr qeyd etdiyim yerlərdə işə başlayanda biz öz təcrübəmizdən yararlanaraq belə layihələrdə iştirak edə bilərik. Sözsüz ki, oxşar layihədə təcrübə bizə layihənin mənfəətliliyinin daha az yayınma ilə proqnoz olunmasına kömək edir. Bu səbəbdən hal-hazırda Qazaxıstan, Türkmənistandakı layihələrın cəlbediciliyini nəzərə alaraq iştirak etmək üçün araşdırmalar aparılır. CMS şirkətinin 11 illik tarixi çərçivəsində çox böyük və ölkə əhəmiyyətli layihələrdə bilavasitə və dolayı iştirakının nəticəsində şirkət olaraq böyük təcrübə əldə etmişik ki, bu da Xəzər hövzəsində bizim rəqabətqabiliyyəliliyimizi əhəmiyyətli dərəcədə artırır.

– Gəmiçilik həm də böyük xərc tələb edən sahədir. Bunlara nəzarət hansı formada aparılır?

– Doğrudur,  gəmiçilik risk tələb etməklə bərabər həm də böyük xərc tələb edir. İşlərin fasiləsizliyi və sahildən uzaq olduğu hallarda gəmilərdə baş verə biləcək hər hansı texniki nasazlığı ən qısa zamanda aradan qaldırmaq normadan əlavə xərc tələb edir. Belə anlarda zaman sizə qarşı işləyir və şirkət problemin ən qısa zamanda keyfiyyətli və təhlükəsiz həllolunma yollarını axtarır. Ancaq bütün bunlar “davamlı inkişaf” yanaşması çərçivəsində həyata keçirilir. İlk öncə qeyd etmək vacibdir ki, bu yanaşma çərçivəsində  qısa və uzunmüddətli planlar və büdcə hazırlanır. İstər 1-illik istərsə də 5-illik büdcə planlaması zamanı bütün departamentlər komanda şəklində çalışaraq planın optimal icrası və baş verə biləcək xoşagəlməz halların qarşısının alınması üçün tədbirlər planı hazırlanır. Plana uyğun olaraq da büdcə çərçivəsində növbəti illərdə icra ediləcək işlərlə bağlı maliyyə vəsaiti ayrılır. Layihələrin həyata keçirilməsi zamanı daima müvafiq maliyyə hesabatları hazırlanır və periodik olaraq müzakirə edilir. Nəticədə, bu işlər müvafiq departamentlər tərəfindən nəzarət olunur və yeni optimal yollar axtarılır. Öz fəaliyyətimizin məbləğ olaraq ifadəsi hansı sahələrdə xərclərin optimallaşdırıb əməliyyat xərclərinin aşağı salınması üçün zəmin yaradır və həmçinin gözlənilməz və ya əlavə yaranan xərclər birbaşa hesabatda öz əksini tapır ki, bu da daha dərin araşdırma və həll yolları üçün şərait yaradır. Bu yanaşma ilə sistem uyğun şəkildə optimallaşdırılaraq növbəti əməliyyatlar üçün modifikasiya olunur və daha optimal plana müvafiq davam edir. Digər tərəfdən bu proses daima yenilənir və nəticədə də işlər hər zaman nəzarətdə olmaqla bərabər həm da baş verə biləcək neqativ hallar maksimum şəkildə azaldılaraq təhlükəsizliyin və keyfiyyətin daha da artması nəticəsində mənfəətimizi də artırmış oluruq.

– Söhbətimiz çox maraqlı keçdi. Hər birinizə təşəkkür edirəm.

www.biznesinfo.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır