Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“Bizim işdə səhvə yol vermək olmaz”

Deyirlər ki, gəmi təmirçisi nə qədər çox təcrübə qazanarsa, o qədər də bacarıqlı olar. Amma müsahibim “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Bibiheybət” Gəmi Təmiri Zavodunun Elektrik bölməsində usta köməkçisi işləyən Süleyman Namazov bu düşüncəni alt-üst etməyi bacarıb desəm, yanılmaram.

Azərbaycan Dövlət Dəniz Akademiyasını “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə bitirən Süleyman karyerasına cəmi bir ildir başlayıb. Onlarla gəminin təmirində iştirak edib. Təmir prosesində həm də bilik və bacarığını xeyli artırıb.

Bu bir ildə gəmilər və dənizlərlə “dostlaşıb”. Həyatını onlarsız təsəvvür etmir. Dəniz və gəmilərə baxanda qəribə bir rahatlıq tapdığını deyir.

Dediyinə görə, uşaqlıqdan forma geyinməyə böyük həvəsi varmış. Hərbçi olmaq istəyirmiş.  Sonralar dənizçi olmaq qərarına gəlib.

 

-Peşəmlə qürur duyuram,-deyir.- Çətin olduğu qədər də şərəfli peşədir.

 -Ötən ay Gəmiçilikdə çalışmağınızın bir ili tamam oldu. İstəyirəm ilk iş gününü yada salaq. Necə xatırlayırsınız həmin günü?

-İşə Texniki şöbədə assistent kimi başladım. Təbii ki, həyəcanlıydım, Amma kollektivin mehribanlığı bu narahatçılığıma birdəfəlik son qoydu.

-Bir günlük iş qrafikinizi necə təsvir edərdiniz?

-Hazırda usta köməkçisi işləyirəm. Gəmi təmiri kimi çətin və məsuliyyətli işimiz var. Elektrik avadanlıqları və radio elektron aparatlarının təmirinə cavabdehik. Maraqlı işdir, böyük zövq alıram. Əsas məqsədimiz verilən tapşırıqları keyfiyyətli və qrafikə uyğun yerinə yetirməkdir.


-İşinizdə dəqiqlik çox önəmli məsələlərdən biri, hətta birincisidir…

-Elədir. Təmir zamanı gəminin bir növ nazıyla oynayırıq. Bir düzəltdiyimiz yerə təkrar 10 dəfə baxırıq. Bu, səhvə yol verməmək üçün vacibdir. Hər şey etalona uyğun olmalıdır, standartlardan kənara çıxmaq olmaz. Bizim bir prinsipimiz var: səhv etmək ixtiyarımız yoxdur.

 

İşə qəbul çətin olmadı ki?

-Deməzdim… Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində istedadlı və bilikli gənclərə öz potensialını üzə çıxarmaq üçün hər cür şərait yaradılıb. Mən bunu hələ Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alarkən görmüşdüm.

 

-Yeri gəlmişkən, dənizçi olmaq istəyənlərə, Akademiyanın tələbələrinə nə demək istəyərdiniz?

-Mənim üçün ən önəmlisi peşəni sevməkdir. Peşələrini sevsinlər. Bunsuz heç nə alınmayacaq. Peşəni sevəndə isə hər çətinliyə sinə gərmək asanlaşır.

Süleyman Namazov hələ karyerasında ilk addımlarını atır. Addımları böyükdür, ya kiçik… Bu, heç fərq etmir. Əsas odur ki, məqsədinə doğru inamla addımlayır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır