Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Dənizləri və ürəkləri fəth etmək istəyən gəmi sürücüsü

Deyirlər, dəniz və musiqi bir-birinə çox yaxındır. Həmsöhbətimiz Aref Kemal həm dənizçi, həm də musiqiçi kimi bu deyimin həqiqətdən uzaq olmadığını sübut edən kəslərdəndir.

Hər iki peşənin vurğununun uşaqlıqdan dənizçiliyə və müğənniliyə böyük  marağı olub. Artıq 10 ildən çoxdur ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının gəmilərində gəmi sürücüsü işləyən Aref 2013-cü ildən həm də müğənniliklə məşğuldur. Deyir ki, dənizçiliyin və müğənniliyin oxşar tərəfləri çoxdur. Hər iki peşə insandan istedad və ürək tələb edir.

-Dənizdə çalışan adam tez-tez sərt dalğalarla üzləşir,-deyir.- Belə çətin vəziyyətlərdən üzüağ çıxmaq üçün təkcə peşəkarlıq yox, istedad və ürək də tələb olunur. Əks halda, fırtınaya qalib gəlmək mümkün deyil. Müğənnilik də eyni ilə belədir. Xüsusi istedada və böyük ürəyə sahib olmayan ifaçı, nə qədər çalışsa da, uğur qazana bilməyəcək.

Bir yandan dənizçilik, bir yandan müğənnilik Aref Kemala qanad verir.  O deyir:

  • ‌Mən sevərkən, ayrılarkən, nəyisə ümidlə gözləyərkən – hər halımda limanlara üz tuturam. Ucu-bucağı görünməyən dənizi seyr etməklə mənəvi rahatlıq tapıram. Uzaqlardan gələn, qəlbə sığal çəkən dalğalar sanki nəğmə oxuyur. Bu nəğmələr insanı ifaçılığa daha da həvəsləndirir.

Peşəkarlıq müsahibimiz üçün ən vacib amillərdəndir. Bunun üçün daim üzərində işləyir, kamilliyə can atır.

Aref Azərbaycan Dəniz Balıq Sənayesi Kollecini bitirib. Orada gəmi sürücülüyü ixtisası üzrə təhsil alıb. Hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan “Atlet-5”gəmisində kapitanın 2-ci köməkçisi vəzifəsində işləyir.

 

Onun musiqi təhsili də var. 2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müsiqi sənəti  fakültəsinə qəbul olub. Respublikanın xalq artisti Nazpəri Dostəliyevadan vokal ifaçılığın sirlərini öyrənib. 

“Uşaqlıqdan korifey sənətkarları – Mirzə Babayevi, Şövkət Ələkbərovanı dinləmişəm, hətta onların ifalarını gizli təqlid etmişəm. Əvvəllər utanırdım, elə bilirdim alınmır. Amma  bu sahədə təhsil almağa başladığım dövrdən özümə inamım artdı. İndiyədək bir çox müsabiqələrə qatılmışam. “Azərbaycanın səsi” layihəsində iştirakçı olmuşam. Gələcəkdə “O səs Türkiyə” yarışmasında da özümü sınamağı düşünürəm.  İspan, italyan, ingilis dillərində də mahnılar ifa edirəm”.

 

Aref Kemalın bütün ifaları özünəməxsusluğu ilə seçilir. Amma dostları və həmkarları onun ifasında “Limanlar” mahnısını daha çox sevirlər. Elə Arefin özünə də bu ifası ayrı bir zövq verir.

“Bu mahnını unudulmaz sənətkarımız Mirzə Babayevin ifasında eşitmişəm və çox bəyənmişəm. Onu hər dəfə oxuduğum zaman kövrəlirəm. Necə deyərlər, “Limanlar”ın musiqisi ruhuma çox yaxındır. Bu mahnıya obraz lazım deyil. Mahnı özü dinləyiciyə hər şeyi deyir”.

Aref Kemal həm dənizçiliyi, həm də müğənniliyi öz istəyi ilə seçib. Ona görə də heç biri ilə yollarını ayırmaq fikrində deyil. Əksinə, ikisini bir arada davam etdirmək, dənizləri və ürəkləri fəth etmək istəyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır