Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Gəmi təmirçiliyi vacib, çətin və maraqlıdır

“İşə məsuliyyətlə yanaşdığımızda, lazımı səy göstərdiyimizdə karyera yüksəlişi əldə edə və cəmiyyətdə mövqeyi olan birinə çevrilə bilərik”.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Xəzər Dəniz Neft Donanmasının Gəmi təmiri emalatxanasının rəisi vəzifəsində çalışan Hüsaməddin Babayev belə deyir. 

O, müvəffəqiyyətin ən böyük açarını çox çalışmaqda görür.

Ümumiyyətlə, Hüsaməddin Babayev xoşbəxt insandır. Özü belə deyir. Səbəbini isə sevdiyi, zövq aldığı işlə məşğul olması ilə əlaqələndirir.

1960-cı il yanvarın 4-də Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan şəhərində anadan olan Hüsaməddin Babayev Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Gəmiçilik isə uşaqlıqdan sevimli peşələri arasında ilk yerlərdən birini tutub. Və 40 ilə yaxındır ki, bu sahədə yorulmadan külüng vurur.

– Hüsaməddin müəllim, karyeranıza nə vaxt və hardan başladığınızı yəqin ki, unutmamısınız…

– Əlbəttə ki, yox. İlk iş yerim Gəmi Təmiri Zavodu olub. Orada gəmi-gövdə təmirçisi kimi fəaliyyətə başlamışam. Sizə 1981-ci ildən danışıram…Daha sonra müxtəlif illərdə gəmi-gövdə üzrə texnoloq, həmin sahə üzrə usta, gəmi-gövdə sahəsinin baş ustası vəzifələrində işləmişəm. Hazırda isə Gəmi Təmiri Emalatxanasının rəisiyəm.

– Gəmiçiliyə marağınız uşaqlıqdan olub. Bəs, nə üçün gəmi təmirçiliyinə üz tutdunuz?

– Gəmiçilik deyəndə çoxlarının ağlına kapitan, mexanik, matros və s gəlir. Amma bu sahədə digər peşələr də var. Onlardan biri də gəmi təmirçiliyidir. Olduqca vacib, çətin və maraqlı sahədir.  Və elə bu üç səbəbə görə mən təmirçiliyə gəldim. Çünki, mənim üçün işin vacibliyi, çətinliyi və onun maraqlılığı çox önəmlidir.

– Gəmi Təmiri Emalatxanasının fəaliyyəti, gördüyü işlər barədə məlumat verərdiniz

– Gəmi Təmiri Emalatxanasının əsas məqsədi yerləşdiyi yer və üzmə rayonundan asılı olmayaraq gəmilərin tam işlək vəziyyətdə olmasını təmin etməkdən ibarətdir.  Gəmilərin iş rejiminə uyğun olaraq Emalatxana təmir prosesini fasiləsiz yerinə yetirir. Mexaniki və elektrik sahələri üzrə səyyar briqadalarımız növbəli iş rejimində istənilən yerdə təmir xidməti göstərə bilir.

– Emalatxana hansı bölmələrdən ibarətdir?

– Gəmi Təmiri Emalatxanası mexaniki, elektrik və elektronika, nəzarət ölçü cihazlarının yoxlama labaratoriyası, gəmi-gövdə təmiri sahəsi, akkumulyator və gəmi-gövdə takelaj sahəsindən ibarətdir. Mexaniki sahənin çilingərləri istənilən gəminin mexanizmlərini təmir edirlər. Elektrik və elektronika sahəsinin elektrik və elektronçuları gəminin bütün elektrik, elektronika avadanlıqlarının vaxtında və keyfiyyətlə təmirini həyata keçirirlər. Biz gəmilərin tərsanə təmiri ilə də məşğuluq. Tərsanə təmiri gəmi-gövdə təmirçiləri, takelajçılar, rəngsazlar və elektrik-qaz qaynaqçıları tərəfindən görülür.

– Bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüsünüz. Bununla bağlı təəssüratlarınız maraqlıdır

Təltif olunmağım barədə məlumatı ilk olaraq iş yoldaşlarımdan eşitdim. Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dəniz nəqliyyatı işçilərinin təltif edilməsi haqqında sərəncamını oxudum.  Adımı siyahıda təltif olunanlar arasında gördükdə sevindim və fəxr hissi keçirdim. Əməyimə verilən qiymətə görə cənab Prezidentimizə və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sədri Rauf Vəliyevə dərin təşəkkürümü bildirirəm. Bu etimad insanı daha yüksək nailiyyətlər qazanmağa sövq edir.

– Son olaraq fəaliyyətə yeni başlayan gənclərə nə tövsiyə edərdiniz?

– Tövsiyəm ondan ibarətdir ki, qorxmaz, cəsur, işlərində məsuliyyətli olsunlar. Bu keyfiyyətlər onları doğru və uca yerə yetişdirəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır