Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Krançı xanım: “Bacarıq və cəsarət varsa, hər bir qadın istənilən kranı idarə edə bilər”

Onun yüksəklik qorxusu yoxdur. Hər səhər fərqli hündürlüklərə malik kranlara çıxır, gəmi təmiri zamanı ustaların istədiklərini yuxarı qaldırır, lazım olmayan hissələri isə körpüyə qaytarır.

Söhbət “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun cəsarətli qadın krançılarından biri Firəngiz Rüstəmovadan gedir.

Firəngiz Rüstəmova 1967-ci ildə Quba rayonunun Səbətlər kəndində doğulub.  14 nömrəli peşə məktəbini bitirib. Əmək fəaliyyətinə keçmiş İlham Allahverdiyev adına zavoddan başlayıb. Bir müddət qəlibləyici sexində çalışan Firəngiz xanım 2004-cü ildə krançı olmaq qərarına gəlib.  

Hazırda idarə etdiyi kran təxminən 10 metr hündürlüyündədir. İşinin öhdəsindən məharətlə gələn Firəngiz xanım peşəsini çox sevir, özünü bu sahədən kənarda təsəvvür etmir. Nə qədər qəribə olsa da, düşünür ki, krançılıq əsl qadın peşəsidir. 

-Firəngiz xanım, necə oldu ki, belə çətin peşəni seçdiniz?

-Bu işə həvəsim var idi. İlham Allahverdiyev adına zavodda hər dəfə kranlara baxanda, özümə sual verirdim ki, görəsən  mən kranda işləyə bilərəm? Bir dəfə eşitdim ki, krançı axtarırlar. Fürsəti qaçırmadım, sex rəisinə yaxınlaşıb krançı olmaq istədiyimi dedim. Razılaşdılar, əvvəlcə şagird kimi, sonra isə sərbəst şəkildə işə başladım.  

  • Asan iş deyil, bəs, ailənizdə bu istəyinizə necə baxdılar?

-Heç kim etiraz etmədi. Sadəcə, yaxşıca düşünəndən sonra qərar qəbul etməyimi məsləhət gördülər. İşin nə qədər çətin və məsuliyyətli olduğunu anlayırdım, amma insan istədikdən sonra hər şeyi bacara biləcəyinə də inanırdım. Ona görə,  tərəddüd etmədən qərarımı verdim. Ailəliyəm, bir oğlum, bir qızım var. Yoldaşım da, övladlarım da həmişə mənə dəstək olurlar.

  • Yəqin ki, ətrafdakıların “Qadından krançı olar?!” təəccübü ilə tez-tez rastlaşırsınız?

-İlk vaxtlarda belə fikirləri tez-tez eşidirdim. Amma zamanla ətrafım buna alışdı, qəbul etməyə başladılar. Üstəlik, gördülər ki, qadın olsam da, işimin öhdəsindən çox yaxşı gəlirəm.

  • Əsasən, gəmi təmirçiləri ilə çalışırsınız. Onlarla necə yola gedirsiniz?

-Çox mehriban kollektivimiz var, hamı mənə xanım kimi çox hörmət edir. Sağolsunlar, lazım olanda, köməyini əsirgəmirlər.

  • Krançı olmaq istəyən qadınlara nə məsləhət görürsünüz?

-Məsləhətim odur ki, qorxmasınlar. Qadın üçün krançılıqdan yaxşı peşə yoxdur, əsl xanım işidir. Bacarıq və cəsarət varsa, hər bir qadın istənilən kranı idarə edə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır