Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

ASCO-nun 28 yaşlı ilin "Ən yaxşı mexanik"i Hikmət Şabanov - MÜSAHİBƏ

Peşəkarlıq vacib tələbdir. Amma hər hansı sahədə yüksək pillələri fəth etmək üçün təkcə peşəkar olmaq kifayət etmir. Başqa məqamlar da var. Bunlardan biri də tərbiyədir.

Hikmət Şabanov indiyədək çalışdığı gəmilərdə işə yanaşması ilə bərabər, tərbiyəsi ilə də seçilib. Bu xüsusiyyəti ona gənc yaşında uğur gətirməklə yanaşı, kollektivdə böyük hörmət qazandırıb.

Əvvəlcə qısa arayış: Hikmət Şabanovun 28 yaşı var, Zaqatala rayonunda doğulub. 2008-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi mexanikası və elektromexanikası” fakültəsinə daxil olub, “Gəmi energetik qurğuları və onların istismarı mühəndisliyi” ixtisasına yiyələnib. Artıq altı ildir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində çalışır. Fəaliyyətinə motorçu kimi başlayan Hikmət qısa müddətdə mexanik  vəzifəsinədək yüksəlməyi bacarıb. Hazırda ASCO-nun xarici sularda üzən “Üzeyir Hacıbəyli” quru yük gəmisində işləyir.

ATAMIN UŞAQLIQ ARZUSU

Atamda dənizçi peşəsinə həmişə böyük maraq və sevgi olub. Hətta uşaqlıqda dənizçi olmaq istəyib, amma babam icazə verməyib. Çox istəyirdi ki, oğlanlarından biri bu peşəyə yiyələnsin. Məndən əvvəl böyük qardaşım Qüdrət Şabanov artıq onu arzusuna çatdırmışdı. Mən də qardaşıma baxıb həvəsləndim və ixtisas seçimi zamanı Azərbaycan Dövlət Dəniz Akademiyasını ilk sırada yazdım.

MƏNİM DƏNİZ SEVGİM

Tez-tez məndən soruşurlar ki, dənizdən qorxmursan? Etiraf edim ki, ilk vaxtlar bu olurdu. Əsasən də küləkli havalarda bir qədər qorxurdum. Amma yavaş-yavaş öyrəşdim. İndi nəinki qorxmuram, əskinə dənizi və onun hər cür hava şəraitini sevirəm. Dəniz insanı mübariz olmağa sövq edir, istər-istəməz adamı cəsarətləndirir, möhkəm olursan, daha tez və ağıllı qərar verməyi bacarırsan. O, sənə həm də fədakarlığı və  başqalarının həyatını düşünməyi öyrədir.

QARA DƏNİZ XƏYALIM

Akademiyada oxuduğumuz müddətdə bizim xarici sularda gəmimiz yox idi. Amma gənc dənizçi kimi Qara dənizdə üzməyi çox istəyirdim, hətta bunun xəyalını qururdum. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yarandıqdan sonra 2014-cü ildə Qara və Aralıq dənizi hövzəsində fəaliyyət də bərpa edildi. Bu, bizi çox sevindirdi. İndi beynəlxalq sularda 14 gəmimiz var. Onlardan 12-i quru yük, ikisi tankerdir. Fəxr edirəm ki, onların birində - “Üzeyir Hacıbəyli” gəmisində işləyirəm. Heyətimiz hamısı azərbaycanlıdır. Çox mehribanıq, bir-birimizə dəstək olur və kömək edirik.

MƏNİM MƏSULİYYƏTİM

Xarici sularda fəaliyyət göstərən dənizçilərin yükü iki qat ağırdır. Biz  həm də ölkəmizin beynəlxalq sularda, limanlarda təmsilçiləriyik. Gəmilərimizdə üçrəngli bayrağımızı dalğalandırırıq. Ona görə də daha çox məsuliyyətli olmalıyıq. Çalışırıq ki, həm peşəkarlığımızla, həm də mədəniyyətimizlə əcnəbilərin yaddaşında yaxşı imic formalaşdıraq. Tam əminliklə deyə bilərəm ki, biz bunu heyət olaraq bacarırıq.

DƏNİZLƏRDƏN-DƏNİZƏ, LİMANLARDAN-LİMANA

“Üzeyir Hacıbəyli” gəmisi 2014-cü ildən Qara və Aralıq dənizi hövzəsində istismar edilir. Quru yük gəmisidir. Yükümüz müxtəlif olur: dənli bitkilər, metal və s. İndiyədək 20-dən çox ölkədə olmuşam. Bunlara misal olaraq İtaliya, Rusiya, Xorvatiya, Misir, İsrail, Türkiyəni göstərə bilərəm. Bu ölkələrin limanları ilə yanaşı, müxtəlif yerlərini gəzmək imkanım da olub. Yükdən və limanın iş saatından asılı olaraq biz kapitandan icazə alaraq şəhərə də çıxırıq. Hər səfər bir ayrı maraqlı olur.   

İLİN “ƏN YAXŞI MEXANİK”İ

ASCO-da gənclərə hər zaman dəstək göstərilir. Bu diqqətə, işimizə verilən qiymətə görə ASCO sədri Rauf Vəliyevə təşəkkür edirəm. Bu il mən Dəniz Nəqliyyatı Donanması üzrə 2018-ci ilin “Ən yaxşı mexanik”i adına layiq görülmüşəm. Etimadı doğrultmaq üçün əlimdən gələni bundan sonra da edəcəyəm. İnsan işini sevməli və ona həvəslə yanaşmalıdır. Bundan sonra uğur qazanmaq asan olacaq. Mən buna əminəm. Təsərüfatçı ailəsində doğulmuşam, zəhmətin nə olduğunu yaxşı bilirəm. Zamanı boşa keçirmək olmaz, hər fürsətdə nəsə öyrənməli və tətbiq etməliyik.

Bütün dənizçi dostlarıma uğurlar arzulayıram!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır