Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

"Biznesin bütün sahələrində yüksək standartlar müəyyən etməyə can atırıq"

Müsahibimiz Vüqar Novruzov 2015-ci ildən “Caspian Marine Services” şirkətində Daxili auditor və Compliance Officer vəzifəsində çalışır.

“Caspian Marine Services” haqqında məlumat verərdiniz.

“Caspian Marine Services” (CMS) Azərbaycanda kifayət qədər tanınmış şirkətdir. Şirkət Xəzər dənizində neft-qaz hasilatı ilə bağlı əməliyyatların təmin edilməsi və neft-qaz platformalarına işçilərin daşınması üçün dəniz nəqliyyatı xidmətləri göstərir. Əsas fəaliyyəti, müasir texnologiyalardan və qabaqcıl idarəetmə sistemlərindən istifadə etməklə, Xəzərin Azərbaycan və digər sektorlarında çalışan şirkətlərə dəniz nəqliyyatı xidmətlərinin göstərilməsindən ibarətdir. Şirkət Azərbaycandakı fəaliyyətinə 2006-cı ilin əvvəllərində başlayıb. Şirkətin əsas ofisi Bakıda yerləşir. CMS gəmilərin idarə edilməsi sahəsində peşəkar xidmət təqdim edir. Bizim müştərilər arasında BP, Total, Sapem  kimi nüfuzlu şirkətlər yer alır. Müştərilərin tələblərinə davamlı cavab vermək, həmçinin idarəetmə sisteminin effektivliyinin keyfiyyətin üçün şirkətimiz xidmətlərinin səviyyəsini təkmiləşdirməyə çalışır.

İdarəetmə sistemininin effektivliyini qeyd etdiniz. Bu barədə ətraflı danışmağınızı istərdik.

CMS-dəki fəaliyyətimizdə biznesin bütün sahələrində yüksək standartlar müəyyən etməyə can atırıq. Şirkət idarəetmədə hərtərəfli texniki təhlükəsizlik sistemi tətbiq edir. Bu da bildiyiniz kimi bizim sektorda çox önəmli faktordur.

Şirkətin fəaaliyyətini qısaca şərh etsək, bunlar açıq dənizdə gəmi xidmətləri, sərnişinlərin daşınması, gəmilərin idarəolunmasında xüsusi dəniz əməliyyatları, həmçinin yaxta və katerlərin idarə edilməsindən və texniki xidmətlərdən ibarətdir.

Vüqar bəy, konkret olaraq sizin fəaliyyətiniz haqqında danışaq. Şirkətdə hansı vəzifələri icra edirsiniz? Compliance Officer nə deməkdir?

Konkret qaydalar var ki, onlar həm Azərbaycan qanunvericiliyi tərəfindən müəyyənləşdirilib, həm də şirkətin daxili siyasətindən irəli gəlir. Bu qaydalara hər bir əməkdaş riayət etməlidir. “Compliance nədir” sualına gəlincə, bu, şirkətdə mövcud olan təhlükələr əleyhinə və risklərin idarə olunması sahəsində qəbul olunmuş beynəlxalq sistemdir. Başqa sözlə desək, bu, korrupsiya ilə mübarizə və korrupsiya risklərinin qarşısını almaq üçün alətlər toplusudur. Biz şirkətin işini qiymətləndirən, onun qayda və tələblərə nə qədər uyğun olduğunu yoxlayan filter rolunu oynayırıq. Compliance əsasən effektiv mexanizmlərin yaradılması və korrupsiya fəaliyyəti təhlükəsinin qarşısını almaq üçün bir vasitədir. Bildiyiniz kimi, bu gün dünyada böyük şirkətlər korrupsiya və fırıldaqçılığa görə böyük pullar itirirlər. Ona görə də belə şöbə və vəzifələrin önəmi daha da artır. Azərbaycanda bu peşə cavan sayılır.

Uğurlu Compliance proqramın tərtibi üçün nə lazımdır?

Uğurlu Compliance proqram tərtib etmək üçün əvvəlcə onun nələrdən ibarət olduğunu başa düşmək lazımdır. Əvvəldə dediyim kimi, müəyyən tələblər mövcuddur. Əgər xarici şirkətlər ilə çalışırıqsa, deməli bu tələblər həm beynəlxalq qaydalara, həm də Azərbaycan Respublikasının qanunvericiliyinə cavab verməlidir. Bundan başqa, daxili tələb və qaydalar mövcuddur. İnsanların bu tələblərə riayət etməsi üçün nə lazımdır? İlkin vəzifə “voice from the top” (“yuxarının səsi”) ifadəsi ilə izah olunur. Belə ki, direktorlar şurası şirkətin hansı istiqamətdə inkişaf etməsi ilə bağlı öz fikrini açıqlamalıdır. Şirkətdə nizam-intizama riayət olunmalıdır. Bu qayda hər bir əməkdaşa şamil olunmalıdır. Bu o deməkdir ki, işə qəbul olan şəxslər bu meyarlara cavab verməlidirlər. Qəbul olunan işçilər şirkətdə qohumlarının çalışıb-çalışmadığını səmimi şəkildə bəyan etməlidilər. Həmçinin direktorlar şurası əməkdaşlardan iş prosesinə, keyfiyyətinə mane olan istənilən qayda pozuntusu haqqında məlumat verməyi tələb etməlidir. Bunun üçün bizim şirkətdə “Compliance talk” adlanan qaynar xətt yaradılıb. Bu qaynar xətt həftənin yeddi günü, 24 saat fəaliyyət göstərir. Əməkdaşlar iradlarını istəklərinə uyğun olaraq anonim və ya açıq şəkildə e-mail və telefon zəngi ilə vasitəsilə çatdıra bilərlər. Bu əlaqə yuxarıdan aşağıya doğru qurulur. Bununla da rəhbərlik əməkdaşların fikrinə önəm verdiyini, onu dinləmək istədiyini göstərir. Bundan başqa, şirkətdə etik davranış kodu tətbiq olunmalıdır. Biz onu “ləyaqət kodeksi” adlandırırıq. Əməkdaşlar bu kodeksi oxumaqla konkret situasiyalarda necə davranmalı olmaları haqqında bilgi əldə edə bilərlər. Şirkətimiz böyük olduğu üçün bu kodeksi çap edib əməkdaşlara tanış olmaq üçün göndərmək kifayət etmir. Çünki hər kəs bu sənədə o qədər də ciddi yanaşmaya bilər. Buna görə də, əməkdaşlarla bu mövzuda söhbətlər aparmaq olduqca vacibdir. Bu işlə vaxtaşırı şəkildə komplayens şöbəsi olur. Biz bu mövzularda treninqlər aparmaqla da işimizi bitmiş hesab etmirik. Hər iki ildən bir eyni treninqləri təkrarlamaqla işçilərin bu mövzuda yaddaşını təzələyirik.

Bu treninqlər şirkətə əsasən nə qazandırır?

Biznesdə risklər olduqca böyükdür. Hər gün şirkət bu risklərlə mübarizə aparıb, onları minimuma endirməyə çalışsa da, yeni risklər yaranır. Davamlı olar treninqlər keçən, konkret situasiyalarda necə davranmağı öyrənən əməkdaşlardan yaxşı bu risklərin öhdəsindən kim gələ bilər ki? Belə vəziyyətlərə düşmüş işçilər sənə elə suallar ünvanlaya bilər ki, indiyə qədər bəlkə də bu barədə heç düşünməmisən. Hətta belə suallara anında verməyə cavabımız olmasa da, bu barədə düşünüb, konkret vəziyyətdə hansı mexanizmlərdən istifadə edərək necə davranmağı fikirləşə bilərik.

Sertifikatlaşma haqqında məlumat verməyinizi istərdik.

Hər il hər bir əməkdaşdan daxili ləyaqət kodeksinə və antikorrupsiya tələblərinə əməl etmələri haqqında sertifikatlaşma formalarını doldurub imzalamaq tələb olunur. Onlar da öz növbələrində sertifikatı imzalayaraq bizə göndərirlər. Bu sertifikatlar şöbədə saxlanılır. Biz bu prosesi podratçılarımızla da həyata keçiririk. Belə ki, çalışdığın şəxslərin kimliyi haqqında məlumatlı olmalısan. Əgər bir razılaşmaya gəliriksə, təbii olaraq, hər iki tərəf bu xidmətlərdə və onun ödənişində maraqlı olmalıdır. Qarşılıqlı əməkdaşlıq edən şirkətlərin açıq olmaları vacib məqamdır. Buna görə razılaşmaya gəlinən vaxt kimliyini açıq demək lazımdır. Biz tələblərimizə uyğun şirkətlərlə çalışmaqda maraqlıyıq. Ona görə də öz rəsmi saytımızda bu tələbləri yerləşdirmişik ki, əməkdaşlıq üçün müraciət etmək istəyən şirkətlər öncədən kimlə, hansı şərtlərlə çalışacaqlarını bilsinlər. Tələblərimizdə isə çətin heç nə yoxdur. Bütün qoyduğumuz qayda və tələblər qanunlar çərçivəsindədir. İlin sonunda əməkdaşlıq etdiyimiz şirkətlərə öz sertifikatımızı göndəririk, onlardan da eyni şeyi gözləyirik. Əməkdaşlıq etdiyimiz şirkətə il boyu korrupsiya fəaliyyəti ilə məşğul olub-olmadıqları barədə açıq sual ünvanlayırıq və onlar müvafiq sertifikatı imzalayıb, bizə təgdim edirlər.

Sizə elə gəlmirmi ki, bu sual çox formaldır? Axı heç bir şirkət açıq şəkildə korrupsioner olduğunu deməz.

Sizin fikrinizlə razıyam. Lakin öncə qeyd etdiyim kimi, kimlə əməkdaşlıq edəcəyini öncədən bilmək çox vacibdir. Yəni hər iki şirkət razılaşmaya gəlməmişdən əvvəl xidmət və onun qarşılığı olacaq ödənişin nə dərəcədə vicdanlı, dürüst olacağını öyrənməlidir. Əməkdaşlıq qarşılıqlı etibar əsasında qurulur. Sizin sualınıza gəlincə, əgər hansısa şirkətlə öncədən maraqlandıqda onlar dürüst, qanunlara riayət etdiklərini bəyan etmiş olsalar belə, biz müxtəlif mənbələrə istinad edərək buna əmin olmağa çalışırıq. Bu sahədə kifayət qədər informasiya bazaları mövcutdur və biz bu bazalardan daimi istifadə edirik. O baza vasitəsilə həm şirkət, həm onun sahibi, direktorları, direktorlar şurası haqqında düzgün məlumatları əldə edirik. 

Müəllif: Tuncay Türbəndəzadə

Fins.az 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır