Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

“Süleyman Vəzirov” borudüzən gəmisinin uğurlarında heyətin hər bir üzvünün zəhmət payı var

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) unikallığına görə seçilən gəmiçilik şirkətlərindəndir. Donanmalarında müxtəlif təyinatlı gəmilərin  mövcudluğu   ASCO-nu  dünya gəmiçilik şirkətləri sırasında layiqli yer tutmasına imkan yaradır.  Bu dəfə sizi şirkətin ixtisaslaşdırılmış donanmasında ölkəmizin neft-qaz sənayesinə öz töhfəsini verən “Süleyman Vəzirov” borudüzən gəmisinin işgüzar heyəti ilə tanış etməyə çalışacağıq.

Hazırda gəmi Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən  “Abşeron” qaz-kondensat yatağında boruların döşənməsi üzrə əməliyyatların 3-cü mərhələsi işlərinə cəlb olunub. Bu layihə üzrə 2 mərhələni uğurla  arxada qoyan heyətin işi və qayğılarından  reportaj hazırlamaq üçün “Zəfər” gəmisi ilə sahildən 12 mil aralı üzü “Bulla” rayonuna doğru hərəkət etdik.

Bu da “Süleyman Vəzirov” borudüzən gəmisi... Əslində mən buna gəmi yox, “ada” deyərdim. Təsəvvür edin, sahildən onlarla kilometr aralıda, həyatın və işin gecə-gündüz qaynadığı və yüzdən artıq heyəti olan bir məkan...



Borudüzən gəmiyə yaxınlaşdıqca, orada gedən intensiv işlərin sədası daha aydın gəlirdi. Az sonra  “Zəfər” “Süleyman Vəzirov” gəmisinə yan aldı və biz sanki başqa bir aləmə qədəm qoyduq.  

Kran boruları qaldırır, qaynaqçılar vaxt itirmədən onları bir-birinə birləşdirir, kapitan köməkçiləri təhlükəsizliyə xüsusi diqqət yetirir və sair və ilaxır... Bir cümlə ilə desək  “Bulla” dəniz yatağı “Qaz Yığma məntəqəsi 2A”-dan   “Daşgil” adasına uzunluğu  27 kilometr 647 metr olan boru kəmərinin çəkilişi prosesi gedirdi...  

Kapitan Teymur İsmayılov mənə təvazökar olduğu qədər də  tələbkar insan təəssüratı bağışladı. 57 yaşlı kapitan  1983-cü ildən sular qoynundadır. Gənc yaşlarında quru yük gəmilərində, tankerlərdə matros işləyib. Kapitan kimi ilk səfərinə 5 il əvvəl çıxıb. 3 ildir “Süleyman Vəzirov”un heyətinə başçılıq edir. Biz gəmidə olarkən kapitan borüdüzmə əməliyyatına rəhbərlik edirdi. Kapitan kimi üzərinə olduqca mürəkkəb, məsuliyyətli   bir missiya düşdüyündən boş vaxtı çox az olur. Buna baxmayaraq, vaxtaşırı gəmiyə praktikaya gələn Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələrilə təcrübəsini həvəslə bölüşür.  Gələcəyin dənizçilərinə 21-ci əsin geniş imkanlarından düzgün istifadə etməyi məsləhət görür. Məzuniyyətdə olanda isə asudə vaxtının çox hissəsini nəvələrinə həsr edir. Öyrəndik ki, cavanlıqda voleybolla məşğul olub. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin voleybol komandasının tərkibində keçmiş SSRİ respublikalarının müxtəlif şəhərlərində keçirilən yarışlarda iştirak edib. Formadan düşməmək üçün hərdən “cavanlığını yada salır”. 


Növbəti həmsöhbətim  kapitanın baş köməkçisi Yusif Hüseynovdur.   Yusif müəllim 61 illik ömrünün 40 ilini dənizə həsr edib. Bunun 18 ilini “Süleyman Vəzirov” gəmisində keçirib. O da uşaqlıqdan dənizçi olmağı arzulayıb və bu arzusu onu Bakı Balıq Sənayesi Texnikumuna gətirib. Sonralar istehsalatdan ayrılmadan ali təhsil də alıb...


Gəmini gəzirik.  Kapitanın növbə köməkçisi Fikrət Qasımovla da iş başında tanış oluruq. O,  çəkilməkdə olan borunun suya salınmasına cavabdehlik daşıyır. 49 yaşlı Fikrət müəllim sular qoynuna 31 il əvvəl gəlib. Müxtəlif gəmilərdə müxtəlif vəzifələrdə çalışıb.  Artıq 2 ildir bu gəmidədir. Dənizin şıltaqlığı onu qətiyyən qorxutmur, əksinə, çətinliklərdən çıxdıqca, özünə inamı daha da artır.

 

Müşahidələrimizdən belə qənaətə gəldik ki, bu gəmidə elektrik və mexaniki cihazlar digər gəmilərə nisbətdə çoxluq təşkil edir. Elə bu fikirlə də gəminin maşın şöbəsinə endik. Böyük mexanik Rəcəb Yusifov peşəsinə ürəkdən bağlı olan insanlardandır. Əksər dənizçilər kimi, o da uşaqlıqdan dənizçi olmaq istəyib. Azərbaycan Dövlət Dəniz Akademiyasının Elektrik qurğuları fakültəsini bitirəndən sonra müxtəlif gəmilərdə üzüb. 52 yaşı var və 31 ildir dənizə sədaqətlidir. Bir vaxtlar sorağı Türkiyə, Misir, Albaniya, Əlcəzair və İtaliya kimi ölkələrin sahillərini yuyan dənizlərdən gəlib. Dediyinə görə, məzuniyyətdə olanda da fikri çox vaxt gəmidə olur.


Maşın şöbəsində çalışan daha bir məsul əməkdaş elektrik mexaniki Mərdan Zinharovdur. Balıq Sənayesi Texnikumunun elektrik mexaniki fakültəsini bitirib. Ötən 22 il ərzində ASCO-nun demək olar ki, əksər gəmilərində çalışıb.  Digər tip gəmilərdən fərqli olaraq bu gəmidə elektrik mexanikinin işi daha çətin və məsuliyyətlidir. Məzuniyyətə çıxanda isə adətən anadan olduğu Ağdaş rayonuna tələsir. Asudə vaxtlarında at çapmağı çox sevir.


 

Göyərtədə gedən prosesləri müşahidə etmək üçün yuxarı qalxdıq. Krançı Namiq Bağırov 21 ildir dənizdədir. 50 yaşlı dənizçinin dediyinə görə, “quruda” olan peşələrin heç biri ürəyinə yatmayıb. Krançı kimi, işinin öhdəsindən layiqincə gəlir. Üstəlik, qaz borularının bir-birinə düzgün calanmasına nəzarət edir.


Bosman Mübariz Abudovun işə münasibəti çoxlarına nümunədir. Sular qoynunda əmək fəaliyyətinə 37 il əvvəl başlayıb. “Süleyman Vəzirov”  ürəyinə necə yatıbsa, başqa gəmidə çalışmaq fikrindən uzaq olub. 30 ilə yaxındır “Süleyman Vəzirov”un uğurlarında onun da zəhmət payı var.  


Söhbətimizə heyətin ən gənc üzvü Mövsüm Hacıyev da qoşuldu. Öyrəndik ki, 34 yaşlı matros 2 ildən çoxdur ki, burada işləyir. Dəniz sevgisi ona dənizçi əmisindən keçib. Mövsüm həm də yaxşı santexnikdir. Gəmidə bu peşəyə ehtiyac olanda, dərhal qollarını çırmalayır.  Dənizçilikdən öncə Mövsüm karate ilə məşğul olub. Müxtəlif beynəlxalq yarışlarda uğurla çıxış edib, qara kəmər sahibidir.


Hava artıq qaralmışdı. Gəmidə isə iş əvvəlki ahənglə davam edirdi. Biz dənizçilərlə xudahafizləşib geri qayıtmaq üçün “Zəfər” gəmisinə keçəndə “Süleyman Vəzirov”un işgüzar heyəti  daha bir iş gününü zəfərlə başa vurmaq üçün yenidən əl-ələ verdi.

                                                         

                                                                                                                                                                                                                                                                                                                          

Müəllif: İlqar Quliyev


Fotolar:  Turab Məmmədov

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır