Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Peşəsindən zövq alan mühəndis-texnoloq

Gəmiçilik elə bir geniş sahədir ki,  burada müxtəlif peşə sahiblərinə rast gəlmək mümkündür. Başqa sözlə, bir dənizçilik şirkətində çalışanların hamısı kapitan, mexanik, bosman, matros, matorçu, elektrik mexaniklərindən ibarət olmur. Burada aşpaz, kargüzar, mühəndis, həkim, anbardar, mühasib, arxivçi, ekoloq və s kimi peşələr üzrə də mütəxəssilər çalışır.

Budəfəki həmsöhbətimiz onlardan biridir. Söhbət ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun əməkdaşı, mühəndis-texnoloq Vüsal Məmmədovdan gedir. Vüsal çox maraqlı işlə məşğuldur. Bədii hərflərin bərpasını həyata keçirir, ASCO gəmiləri üzərində yer alan adları və müxtəlif sözləri yazır.

Söhbətimizə sizi tanımaqdan başlayaq

1984-cü ildə Bakıda anadan olmuşam. İndiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirmişəm. Babam Rəşid Məmmədov dəniz-neftçisi olub. Həmişə dənizdəki iş prosesindən maraqla danışıb. Elə ondan həvəslənərək bu sahəyə gəlmişəm. İndiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirərək 2007-ci ildə Azərbaycan Dövlət Neft Şirkətində işə başlamışam. Bir müddət burada çalışdıqdan sonra – 2014-cü ildə ASCO-nun tərkibindəki “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda fəaliyyətimi davam etdirmişəm. Artıq beş ildir ki, ASCO sıralarında çalışıram.

Çalışdığın zavod Xəzərin sahilində yerləşir. Hər halda maraqlıdır...

Bəli, burada çalışmağın xüsusi özəllikləri var. Ən əsası odur ki, təmiz hava şəraitində işləyirsən. Üstəlik də, uşaqlıqdan gəmilərə böyük marağım olub. İndi günümün əsas hissəsi gəmilərdə keçir. Bu, mənə xüsusi zövq verir, əlavə həvəs yaradır. 

Mühəndis-texnoloq kimi işiniz nədən ibarətdir?

Əsasən bədii hərflərin bərpası və mühəndis qrafikası ilə məşğul oluram, müxtəlif trafaretlər hazırlayıram. Həddindən artıq səbr və diqqət tələb edən işdir. Özüm xaraktercə sakit adamam, belə olmasaydım bu iş məndə alınmazdı.

Vüsal, sizi aktiv biri kimi tanıyırıq. “Qarabağ Azərbaycandır və nida işarəsi” ilə bağlı videonuz maraqla qarşılanmışdı.

Bəli, bu işdə mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşları ilə birgə maraqlı bir iş ortaya qoymuşduq. Bununla, biz  ASCO-nun bütün dənizçiləri adından Cənab Prezident İlham Əliyevə dəstəyimizi ifadə etməyə çalışmışdıq.  

Oktyabrın 22-də ASCO brendinin canlandırılması işində də yaxından iştirak etdiyinizi bilirik.

Bəli. Yəqin ki, videoya baxmısınız. Kifayət qədər çətin iş idi, buna baxmayaraq uğurlu alındı. Mənim üçün belə bir layihədə əmək sərf etmək maraqlı və qürurverici idi.

Son olaraq, gələcək planlarınız nədən ibarətdir?

Dənizçi kimi təhsil almaq və hər zaman şərəf və ləyaqətlə vəzifəmi yerinə yetirmək istəyirəm.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır