Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

30-cu tələbə - MÜSAHİBƏ

Azərbaycanda gəmiqayırma və gəmi təmirçiliyinə tələbat həmişə olub. Ölkəmizdə gəmi təmiri işləri 20-ci əsrin əvvəllərindən yerinə yetirilməyə başlanıb. Bundan başqa, hazırda Azərbaycanda yerli və xarici gəmiçilik şirkətlərinin sifarişi əsasında gəmi tikintisi ilə məşğul olan Bakı Gəmiqayırma Zavodu da fəaliyyət göstərir.  

Əlbəttə ki, gəmiqayırma və gəmi təmiri peşəsi üzrə savadlı mütəxəssislərin hazırlanması bu sahənin inkişafı üçün tələb olunan əsas məqamlardan biridir. Azərbaycan Dövlət Dəniz Akademiyası belə kadrların yetişdirilməsində mühüm rol oynayır.  Fəxrlə deyə bilərik ki, bu gün ASCO-nun “Bibiheybət” Gəmi Təmiri Zavodu və “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu ilə yanaşı, Bakı Gəmiqayırma Zavodunun əməkdaşlarının əksəriyyəti məhz ADDA-nın “Gəmiqayırma və gəmi təmiri” ixtisasının məzunlarıdırlar.

2017-ci ilin qəbul imtahanlarının nəticələrinə əsasən bu ixtisası seçən tələbələr qruplara bölündülər. 187 A qrupundakı 29 oğlan tələbənin demək olar ki, hamısı 30-cu tələbənin Mədinə olduğunu biləndə təəccüblərini gizlədə bilmədilər.

- Bəs, Mədinə özü 187 A qrupunun 30-cu, amma yeganə qız tələbəsi olduğunu biləndə nə düşündü?

- Düzünü desəm, seçimimə bir anlıq peşman oldum. Çox istəyirdim, hətta dua edirdim ki, qrupumuza məndən başqa da bir xanım gəlsin. Necə deyərlər, duam qəbul olmadı. (gülür)

- Gəl, əvvəldən başlayaq. ADDA-ya yolun necə düşdü? Bu seçimə nə vaxt qərar verdin?

- Bakıda doğulmuşam. Bir müddət Rusiyada yaşamışam. Bağçaya orda getsəm də, valideynlərim Rusiyada təhsil almağımı istəmədi. Ona görə Azərbaycana köçdük. Bakının Xətai rayonundakı 63 saylı məktəbi bitirmişəm. Elə məktəb vaxtlarından xüsusi geyimi olan peşələr məndə maraq yaratmışdı. Əvvəlcə, polis olmaq istəyirdim. Atam qəti etiraz etdi. Digər ixtisasları nəzərdən keçirməyə başladım. İnternetdə Azərbaycan Dövlət Dəniz Akademiyası haqqında məlumata rast gəldim. Oxudum, məlumatı olanlardan da soruşdum. Dedilər, çox yaxşı Akademiyadır. Tədris, nizam-intizam öz yerində, amma tələbələrin əsas hissəsi oğlanlardır.

- Bunu biləndə fikrindən daşınmaq istəmədin?

- O qədər həvəsli idim ki, heç nə barədə fikirləşmirdim. Həm də ümid edirdim ki, bu ixtisası məndən başqa qız da seçər. Çünki bildiyim qədər “Gəmiqayırma və gəmi təmiri” ixtisasında məndən əvvəl də xanımlar olub.

- Ümumiyyətlə, 29 oğlanla birlikdə oxumaq çətindir?

-  Əksinə, elə bir çətinlik yoxdur. Uşaqlarla çox mehribanıq. Onları öz doğmam bilirəm. Mənə xüsusi hörmət edirlər. Hətta öz aralarında zarafat belə edəndə çərçivədən çıxmırlar. Bizə dərs deyən müəllimlər də deyirlər ki, mənim qrupda olmağım çox yaxşıdır. Oğlanlar istər-istəməz mənə görə  çərçivədədirlər. Çox səs-küy salmırlar. (gülür)

- Mədinə, ailən sənin 29 oğlanla bir qrupda oxumağınə necə qarşıladı?

- Qardaşım əvvəlcə narazılıq etdi. Amma sonra qrup yoldaşlarımla tanış oldu və gördü ki, hamısı xətrimi istəyir.

- Bəs, rəfiqələrin bu qədər oğlanla bir yerdə oxumağın barədə nə düşünürlər?

- Təəccüblənirlər. Deyirlər ki, çətin olar. Bu da normaldır. Çünki, onlar qrupumuzdakı ab-havanı bilmirlər.

- Qrupun oğlanları səninlə sirlərini paylaşırlar?

- Əlbəttə, olur. Əsasən sevdikləri qızlarla bağlı danışırlar. (gülür)

- Təsəvvür et ki, Akademiyamızda tələbələr üçün yemək bişirməyi bir günlük sənə həvalə edirlər. Nə bişirərdin oğlanlar üçün?

- Ən sevdiyim pomidor, badımcan, bibər dolmasını bişirərdim. Paytaxt salatı, bir də borş hazırlayardım. Düzü, bir neçə dəfə uşaqlar üçün evdə şirniyat hazırlayıb gətirmişəm. Dediklərinə görə bəyəniblər. (gülür)

- Nə sözün var oğlanlara?

- Demək istəyirəm ki, hamısı mənim üçün əzizdir. Sizi çox istəyirəm, dostlar!

Hazırda ADDA-da Mədinədən başqa 5 xanım tələbə təhsil alır. Müsahibimizin timsalında Aytən Məmmədzadəni (“Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisası,188 A1), Ayşən Şükürovanı (“Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisası,188 A2), Nərgiz Səfərli (“Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisası,198 R), Fatimə Abbasova (“Dəniz naviqasiyası mühəndisliyi” ixtisası, 208 İ) və Rəhimxanım Salamovanı (“Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası, 386 A) Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirik!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır