Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

ADDA-nın əlaçı tələbəsi: Dənizçi gəmini evi, iş yoldaşlarını ailəsi bilməlidir

Azərbaycan Dövlət Dəniz Akademiyasında 2019/2020-ci tədris ilinin payız imtahan sessiyasının nəticələrinə əsasən, Nail Abbasov ən yüksək nəticə göstərən (97,967) tələbədir. O, ADDA-nın “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının 4-cü kurs tələbəsidir. Hazırda özəl gəmiçilik şirkətlərinin birinə məxsus gəmidə diplomqabağı təcrübədədir.

Nail, imtahanlarda göstərdiyin yüksək nəticə münasibətilə səni təbrik edirik. Təcrübən necə keçir?

- Çox sağolun. Təcrübə çox yaxşı keçir. Dilpomqabağı təcrübə olduğundan çox ciddi yanaşıram. Biz 4-cü kurslar yaz imtahan sessiyasında iştirak etmirik. Təcrübəmiz bitən kimi yekun dövlət attestasiya imtahanına hazırlaşmalıyıq. Ona görə də imtahan suallarını özümlə götürmüşəm. Təcrübə müddətində vaxt olduqca ona da hazırlaşıram. Amma bu təcrübə haqqında da hesabat hazırlamalıyıq. Hesabatımız yekun qiymətləndirmədə nəzərə alına bilər.

Bildiyimə görə ADDA-ya yüksək balla daxil olmusan.

- Qəbul imtahanlarından 614 bal topladım və “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasını seçdim. Bu, həyatımda müstəqil verdiyim ilk qərar idi və bir dəfə də olsun peşman olmadım.

Nail, ilk dəfə gəmi və gəmi heyətiylə tanışlığın maraqlıdır.

- Bu, başqa bir aləmdir. Sözlə ifadə etmək çətindir. Dənizçi gərək gəmini evi, iş yoldaşlarını ailəsi bilsin. Təbii ki, bu ailənin başında gəminin kapitanı durur. Onun sözü, qərarı müzakirə olunmur. Kapitanın hörməti, nüfuzu yüksəkdir.

Təsəvvür et ki, artıq gəmi kapitanısan və sənə istədiyin limana getmək fürsəti verilib. Gəmini hansı limana sürərdin?

- Mənim üçün limanın fərqi yoxdur. Əsas odur ki, heyət yaxşı olsun. Əminəm ki, təcrübəli və intizamlı heyətlə istənilən səfər unudulmaz olacaq.

Bu il ADDA-nı bitirirsən. Tələbəlik necə yadında qaldı?

- Dörd il necə gəlib keçdi bilmədim. Çox maraqlı günlərimiz oldu. Bu iilər ərzində Akademiyamız da görkəmindən tutmuş tədrisinədək çox dəyişib. Burada oxumaq üçün hər bir şərait var. İmtahanlarımız şəffaf, ədalətlidir. Heç kim tərəfindən qərəzli mövqe ola bilməz.

Qarşıdan qəbul imtahanları gəlir. “ADDA-nı seçim, ya seçməyim?” fikirləşən abituriyentlərə nə məsləhət verərdin?

- Əlbəttə ki, bu onların öz seçimidir. Amma bir məsələni demək istəyirəm. İki cür ixtisas var: dəbdə olan və tələb olunan. Bax, dənizçi ixtisası məhz tələb olunandır. Ölkəmizdə bu sahə daim inkişafdadır. ASCO kimi müasir şirkətimiz var, yerli gəmiqayırma zavodumuz mövcuddur. İndi savadlı və peşəkar kadrlara təlabat çoxdur.

Nail, bir daha səni təbrik edirik, uğurlar arzulayırıq.

-  Çox sağolun, minnətdaram. Fürsət düşmüşkən, bir məqami da qeyd edim. Bizim bu yerə qədər gəlib çatmağımızda müəllimlərimizin böyük zəhməti var. Biz onlara  borcluyuq. Hamısına təşəkkürümü bildiririəm. Çox sağolun, əziz müəllimlərimiz.

 Müsahibəni yazdı:

Musa Əliyev, ADDA-nın ictımaiyyətlə əlaqələr üzrə mütəxəssisi 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır