Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

ASCO-nun zamana meydan oxuyan 70 yaşlı gənc əməkdaşı

İzafət Məmmədov 1950-ci ildə Ucarda anadan olub. Bu gün 70 illik yubileyini qeyd edir.

O, 1971-1976-cı illərdə Xalq Təssərüfatı İnstitutunda oxuyub. Təhsilini qırmızı diplomla bitirib. Əmək fəaliyyətinə isə 1971-ci ilin 20 yanvar tarixində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Dadaş Bünyadzadə adına Gəmi Təmiri Zavodunda başlayıb. O, burada bir müddət Təchizat şöbəsinin yükçüsü, daha sonra isə yükçü-ekspeditor, texnik-texnoloq, mühəndis olaraq çalışıb. 1977-ci ildə təsərrüfat sahəsində fəaliyyətini davam etdirib. O vaxtdan Mənzil Komunal Təsərrüfat İdarəsində sahə rəisi, rəis müavini və təxminən 15 il idarə rəisi vəzifəsini yerinə yetirib. 1999-cu ildə Gəmiçiliyin inzibati təsərrüfat şöbəsinin rəisi təyin edilib, artıq 7 ildir ki, İnzibati işlər departamentində təsərrüfat sahəsi üzrə aparıcı mütəxəssisdir.

İzafət Məmmədov ömrünün 50 ilini Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə bağlayıb. Bugünki müsahibəmizdə ötən illərə kiçik nəzər salacağıq.

- İzafət müəllim, sizi doğum gününüz mübasibəti ilə təbrik edirik, cansağlığı arzulayırıq.

-Təşəkkür edirəm, diqqətiniz üçün çox sağolun!

-Çox maraqlıdır, 50 il öncə necə oldu ki, gəmiçilik sahəsinə gəldiniz?

-Böyük qardaşım Qəzənfər Dadaş Bünyadzadə adına Gəmi Təmiri Zavodunda işləyirdi. Əsgərlikdən qayıtdıqdan sonra məni də yanına apardı. Gəmiçilik yeganə təşkilat idi ki, həmişə stabil işləyirdi, perspektivi var idi. Ona görə də çox düşünmədim və qardaşımla razılaşdım. Bu gün çox sevinirəm ki, Gəmiçilikdə çalışıram. Buna görə həmişə qardaşıma minnətdar olacağam. Sağ olsun ki, mənə doğru yol göstərdi.

 

- Öz işgüzarlığınızla, zəhmətkeşliyinizlə indiki gənclərə nümunəsiniz. Artıq 70 yaşınız var və bu yaşınızda belə dayanmırsınız. Gənclərə nələr tövsiyə edərdiniz?

-Mən həmişə rəhmətlik atamı özümə nümunə götürmüşəm. Atam 34 il Yevlax dəmiryol stansiyasında fəhlə işləyib. Təsəvvür edin, hər gün 3 km yolu piyada gedib dönürdü. Qayıdan kimi 1-2 saat yatıb yenə də işləyirdi. Hamı məni ona oxşadır. Həqiqətən, atam yorulmaq bilmirdi. Gənclərə tövsiyəm odur ki, bir işi sizə tapşırıblarsa, ona dırnaqarası baxmaq olmaz. Mən anlamıram, insan çörəyinin çıxdığı işin öhdəsindən gəlmirsə necə rahat yata bilir? 

- Həm də nəzərə almaq lazımdır ki, insanı zəhmət ucaldır.

-Bəli, əməksevər olmaq lazımdır, sakit dayanmaq olmaz. Mən Gəmiçiliyə minnətdaram ki, burda işləyə-işləyə çox şey qazanmışam. Ailə qurmuşam, gözəl övladlarım, nəvələrim var. 

- 160 ildən çox tarixi olan bir şirkətdə çalışırsınız. Son 50 illik dövründə isə sizin də zəhmətiniz var. 50 ildə nələr dəyişib?

- Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi böyük tarixi yol keçib. Demək olar ki, inkişaf dayanmayıb. Hər ötən il müxtəlif uğurlar, əlamətdar nailiyyətlər qazanılıb. Son 6 ili daha böyük inkişafla yadda qalıb, artıq Gəmiçilik müasir beynəlxalq şirkətə çevrilib. Əlbəttə ki, bütün bunıar yaxşı idarəçiliyin, təcrübənin, peşəkar komandanın nəticəsidir.

- ASCO-da ənənələrə hər zaman sadiqlik özünü göstərir. Yaşlı nəslin nümayəndəsi kimi bunu necə dəyərləndirirsiniz?

- Bəli, ASCO-da daim qocaman işçilərə, veteran əməkdaşlara dəyər verilib. Olara xüsusi həssaslıqla yanaşılıb. Bu qayğını şəxsən mən özüm hiss etmişəm. Elə götürək, koronavirusun tüğyan etdiyi bü günlərdəki diqqəti...İlk gündən rəhbərlik qərar verdi ki, qocaman əməkdaşlar işlərini evdən idarə etsinlər. Bu, əlbəttə ki, böyük qayğıdır. Ümumiyyətlə, Gəmiçilik Azərbaycanın milli sərvətidir və biz hamımız çalışmalıyıq ki, sərvətimizi qoruyaq. 

-İzafət müəllim, karantin günlərinizi necə keçirirsiniz? Evdən işləmək çətindir?

-Çətin olsa da, biz evdə qalmalıyıq. Sosial izolyasiya vacib məsələdir. Başqa yolu yoxdur. Ailəmizi, ətrafımızı düşünməliyik. Əminəm ki, tezliklə bu bəla başımızın üstündən gedəcək və biz rahat həyatımıza davam edəcəyik.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır