Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

“İlin gənc dənizçisi”: "Ən gözəl dostluqlar dənizçi dostluqlarıdır"

Əjdər Mehdiyev 25 yanvar 1992-ci ildə Cəlilabad rayonu Günəşli kəndində anadan olub. O, dənizçi peşəsinə uşaqlıq illərindən maraq göstərib. Sonradan dənizçilik haqqında oxuduğu kitablar, baxdığı sənədli filmlər onda bu sahəyə marağı daha da artırıb. Elə buna görə də ali təhsil almaq üçün yolunu Azərbaycan Dövlət Dəniz Akademiyasından salıb. 2018-ci ildə Akademiyanı bitirən Əjdər Gəmi energetik qurğularının istismarı mühəndisliyi ixtisasına yiyələnib. Hazırda ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus “Akademik Zərifə Əliyeva” gəmisində III mexanik vəzifəsində çalışır.

-        Əjdər, işə qəbul prosesi necə oldu?

2018-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) vakansiya elan etmişdi. CV göndərdim və imtahana dəvət olundum. İmtahanda yüksək bal toplayaraq ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına “motorçu” vəzifəsinə qəbul edildim. Bir müddət “Akademik Zərifə Əliyeva” və “Koroğlu” gəmisində motorçu kimi işlədikdən sonra 2019-cu ildən “Akademik Zərifə Əliyeva” gəmisində növbə mexaniki vəzifəsinə təyin olundum. Hazırda həmin gəmidiə III mexanik kimi işləyirəm.

-        İlk gəmi səfərinizi necə xatırlayırsınız?

İlk dəfə gəmiyə tələbə olarkən 2015-ci ilin iyununda minmişəm. Bizi təcrübə üçün “Ağdam” bərə gəmisinə göndərmişdilər. Səfərimiz Qazaxıstanın Aktau limanına idi. Yadımdadır, çox həyəcanlıydım. Özümdə böyük məsuliyyət hiss edirdim. Bəlkə, həyəcan da elə buna görə idi. Amma səfər maraqlı və yaddaqalan olmuşdu.

-        Hazırkı vəzifəniz nədən ibarətdir? Gəmidə cavabdeh olduğunuz işlər nədən ibarətdir?

III mexanik II mexanikə tabedir.. Saat 04:00-dan 08:00-a və 16:00-dan 20:00-dək hərəkət növbəsi, həmçinin dayanma növbələri çəkirəm. Növbətçi mexanik kimi yanacağın qəbulunu, saxlanılmasını, sərf olunmasını, vurulmasını və qeydiyyatını aparıram. Bundan başqa, buxar gəmilərində suya nəzarət, su emalının idarəçiliyi, qazan maşınları işinə rəhbərlik  də növbətçi mexanikin vəzifəsinə aiddir.  Həmçinin, III mexanik gəmidə köməkçi mühərriklərin, hava kompressorlarının, ballast və yanacaq tanklarının qızdırılmasını da təmin edir.

-        Gəmi ilə nə kimi yüklər daşıyırsınız və hansı limanlar arasında üzürsünüz?

“Akademik Zərifə Əliyeva” gəmi-bərəsi ilə vaqon yükləri daşıyırıq. Gəmimiz  Bakı- Ələt-Türkmənbaşı-Aktau-Kurik limanları arasında istismar olunur.

-        Gəmidə və limanlarda boş vaxtlarınızı necə keçirirsiniz?

Daha çox vaxtımı özümü inkişafa sərf edirəm. İxtisasıma uyğun kitablar oxuyuram. Və bir də iş yoldaşlarımla birlikdə maraqlı müzakirələr və söhbətlər edirik.

-        İş yoldaşları demişkən, heyətlə münasibətlər necədir? Dənizçinin dənizçi ilə dostluğu barədə nə deyə bilərsiniz?

Elə ən gözəl dostluqlar dənizçi dostluqlarıdır. Mehribanlıq, dəqiqlik, məsuliyyət...Hamısı biz dənizçilərdədir. Dostluq üçün başqa nə lazımdır? Gəmi bir evdir, biz isə o evin ailə üzvləri. Özümü gəmidə rahat hiss edirəm, öz ailəmin yanında olduğu kimi...

-        İşiniz maraqlı və bir o qədər də çətin və məsuliyyətlidir...

Bəli, dənizçilik sahəsi şərəfli, məsuliyyətli və çətindir. Bizə böyük gəmi və o böyük gəminin içərisində yük etibar olunur. Gəmini və yükü təhlükəsiz və vaxtında ünvana çatdırmaq əsas işimizdir. Məsuliyyətlərimizdən biri də odur ki, özümüzün, dənizçi yoldaşlarımızın sağlamlığının qeydinə qalmalıyıq. Buna görə də, biz səbrli və möhkəm olmalıyıq.  Amma deyim ki, nə qədər çətin olsa da belə, dəniz başdan-başa gözəllikdir. Və mən öz rahatlığımı, sakitliyimi dənizdə tapıram.

-        “İlin gənc dənizçisi” adına layiq görülmüsünüz. Təbrik edirik sizi...

Çox sağolun. Təcrübəmin az olmağına baxmayaraq belə bir nominasiya üzrə qalib olmaq qürurvericidir. Etimadı bundan sonra daha da yaxşı doğrultmağa çalışacam. Başda ASCO-nun sədri Rauf Vəliyev olmaqla, biz gənclərə dəstək olan, həvəsləndirən hər kəsə təşəkkürümü bildirirəm.

-        Sonda sizin gələcəklə bağlı planlarınızı bilmək maraqlı olardı.

Hədəflər böyükdür. Amma indi əsas vaxtımı özümü inkişafa sərf edirəm, üzərimdə çalışıram. İnanıram ki, necə həvəslə bu sahəyə gəlmişəmsə, elə də davam edib, vaxtı gələndə də üzüağ, alnıaçıq gedəcəm. Mənim üçün hər şeydən önəmli budur. İşimə məsuliyyət və vicdanla yanaşıram. Çünki, bir gün geriyə baxanda vaxtımı boşuna keçirdiyimə və etimadı doğrultmadığıma görə heyfislənmək istəmirəm.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır