Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

ADDA-nı bu il ən yüksək göstərici ilə bitirən tələbə - MÜSAHİBƏ

İnsanın oxuduğu, işlədiyi yerlərdə başqalarından yaxşı mənada fərqlənməsi ona əvəsziz duyğular yaşadır. Anlayırsan ki, bu məqama çatmaq üçün çəkdiyin əziyyət hədər getməyib. Bundan sonra isə  daha da həvəslənirsən.

İnsan üçün ilk belə fərqlənmə şübhəsiz ki, təhsildə olur. İstər məktəbdə, istərsə də ali təhsil ocağında fərqlənən şagird və tələbələr həmişə müəllimlərinin sevimlisi, valideynlərin isə fəxri olurlar.  

 

Bu dəfəki müsahibimiz ADDA-nın builki məzunu Elçin Məhərrəmovun qismətinə Akademiyanı bitirən tələbələr arasında ən yüksək bal toplamaq düşüb.

 

Elçin ADDA-nın “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasını bitirir. Bu il tələbələrə bakalavr dərəcəsi onların imtahanlardan 4 il ərzində topladığı balların orta qiymətinə görə verilib. Dövlət Attestasiyası Komissiyasının protokolunda Elçin Məhərrəmovun adının qarşısında orta balı 94,535 rəqəmi qeyd olunub. Bu göstərici Akademiyanı bu il bitirən 226 tələbə arasında ən yüksək hesab olunur.

Elçinlə seçdiyi ixtisasa olan marağından, tələbəlik illərindən, ilk təcrübəsindən və gələcək planlarından danışdıq. 

-  Elçin, hamıdan fərqlənəcəyini gözləyirdin?

-  Mən nəinki Akademiyanı ən yüksək nəticə ilə bitirməyimi heç əlaçı olmağı belə məqsəd qoymamışdım. Düşünürdüm ki, ixtisasımı yaxşı öyrənəcəm və gələcəkdə peşəkar dənizçi olacağam. Amma bu qədər irəli getmək heç xəyalımda deyildi. Əlaçı olmağı əlçatmaz zirvə kimi görürdüm. Amma vaxt keçdikcə fikirləşdim ki, ixtisasımı bu qədər sevirəmsə, niyə görə fərqlənməyim? Daha çox çalışdım və nəticədə uğur qazandım. 

- Seçim qərarın nə vaxt dəqiqləşdi?

- Uşaqlıqdan dənizçi olmaq istəyirdim. Qəbul imtahanından topladığım bal mənə başqa ixtisasları da seçməyə imkan verirdi. Amma məhz bu ixtisası seçdim. Düşünürdüm ki, gərək sevdiyin işlə məşğul olasan. O zaman mütləq uğur əldə edəcəksən. Mən bu işi sevdim və bu sahədə özümü inkişaf etdirmək qərarına gəldim. Həmişə düşünürdüm ki, dənizçi peşəsi ən şərəfli peşələrdəndir. Mən buna Akademiyada təhsil aldığım və dənizdə təcrübə keçdiyim müddətdə bir də əmin oldum. Amma dənizçinin hər bir səfəri sahildən göründüyü kimi də asan keçmir. Dənizin tufanlı günləri də az olmur. Dənizçi işinin ən məsulliyətli hissəsi də məhz bu şəraitdə dənizin bir sahilindən digər sahilinə heyət üzvlərini, gəmini, yükü heç bir itki olmadan çatdırmaqdır. Necə dəyərlər, dənizi sevən dənizin dalğasını da sevməlidir. 

- İlk təcrübən yadındadır?

- İndiki kimi yadımda qalıb. İmtahan sessiyasını bitirdikdən sonra məni ASCO-nun “Babək” tankerinə təcrübəyə göndərmişdilər. Maşın heyəti, göyərtə heyəti indiki kimi hamısı yadımda qalıb. Çox mehriban idilər. Bir-birini yaxşı başa düşürdülər. Gəmi heyəti bizə öz səfərlərindən və başlarına gələn maraqlı hadisələrdən danışardı.

- Gələcək planların nədir?

-  Mən bakalavr təhsilimi bitirməyimə baxmayaraq hələ akademiya ilə vidalaşmıram, magistr təhsilimi də akademiyada almaq qərara gəldim. Məqsədim magistr təhsilimi  və hərbi qulluğumu başa vurduqdan sonra ASCO-nun Qara və Aralıq dənizlərində üzən gəmilərində işləməkdir. Artıq həmin gəmilərin birində təcrübə keçmişəm və öz ixtisasımın incəliklərinin çoxunu məhz orada öyrənmişəm.  

-  Biz sənə bütün məqsədlərinə çatmağı arzu edirik. Uğurlar!

-  Çox sağolun. Sonda bir məqamı demək istərdim. İnsan nə qədər həvəsli olsa da, seçdiyi ixtisası sevsə də, bu işdə ona yol göstərən və bu peşənin sirlərini öyrədən müəllimləri olmasa heç nəyə nail ola bilməz. Ona görə də fürsətdən istifadə edib, bu 4 ildə bizim əziyyətimizi çəkən, səbrlə və sevgi ilə bizə dərs deyən bütün müəllimlərimizə təşəkkürümü bildirmək istəyirəm. Harada olmağımızdan asılı olmayaraq həmişə onların üzərimizdə olan haqqını unutmayacağıq. Bu il Akademiyaya qəbul olmaq istəyən abituriyentlərə də bir məsləhətim var: seçiminizə əmin olun. Akademiyada sizin ən başlıca vəzifəniz oxumaq olacaq. Digər bütün qayğılarınızı ADDA rəhbərliyi həll etməyə çalışacaq. Hamıya, o cümlədən özümə də uğurlar arzulayıram.

Müsahibəni hazırladı : Musa Əliyev

ADDA-nın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi

 



 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır