Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Kapitan, şair və jurnalist Faiq Balabəyli…

1964-cü il fevralın 23-də Cəlilabadın Sabirabad kəndində dünyaya gəlib. 1981-1984-cü illərdə Bakı Dənizçilik Məktəbində oxuyub. Sonra iki il hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra təhsilini Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində davam etdirib. 1984-cü ildə Xəzər Dəniz Neft Donanmasında matorçu kimi işə düzəlib. Elektrik mexaniki, gəmi kapitanın baş köməkçisi və gəmi kapitanı vəzifələrində çalışıb. 1994-cü ildə iki illik jurnalist sənətkarlığı kursunu bitirib. 2009-2013 cü illərsə  BSU-da təhsil alıb. 1996-2006-cı illərdə “Ədəbiyyat qəzeti”ndə işləyib.  “Yeni Xəbər” və “Millətin səsi” qəzetlərinin baş redaktoru işləyib. Hazırda Müstəqil.Az saytının yaradıcısı və redaktoru  və İxtisaslaşdırılmış Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində çalışır. 10-a yaxın kitabın müəllifi, AYB-nin üzvü, Prezident təqaüdçüsü, bir çox ədəbi ödüllərin sahibidir.

Dənizçiliyi seçdim, çünki…

Oxuduğum kitablar, filmlər və özümün macəra axtarışım bu peşəni seçməyimə səbəb olub. Bundan başqa, məktəbdə oxuyarkən həmişə  “Mənim arzum” mövzusunda sərbəst inşa yazanda da dənizçi olmaq istədiyimi qeyd edirdim. Sanki, bu peşə mənim boyuma biçilmişdi.

Dənizçi peşəsinin cəmiyyətdəki bugünki nüfuzu və imici sizi qane edirmi?

Dənizçi olmaq bütün dövrlərdə fərqlənmək, seçilmək, ətrafda tanınmaq, nüfuz sahibi olmaq deməkdir. Mən keçmiş SSRİ-nin çox limanlarına getmişəm. Bütün şəhərlərdə dənizçilərə xüsusi rəğbətin, sevginin şahidi olmuşam. Bu, Azərbaycanda da belədir. Görünən odur ki, dənizçi peşəsinin nufuzu və imici ölkəmizdə getdikcə daha da artır.

Dəniz…

Dəniz həyat və dözüm məktəbidir. Dəniz qorxmazları sevir. Dəniz təmizləri özündə saxlayır və dənizçilərin demək olar ki, hamısı ağır günün dostlarıdırlar.

Sizinlə bərabər eyni işi görən dənizçilərdən fərqiniz nədir?

Sözssüz ki, dənizçi həmkarlarımın dənizin dalğasına, qağayısına, yosununa baxışları ilə mənim baxışlarımda fərqlilik var. Şeirlərimdə sadaladığım və sadalamadığım dənizə məxsus bütün hər şey yer alır. Mən dənizi gerçək həyatla uyğunlaşdıra, ayrı-ayrı məqamlarda təşbeh, bənzətmə ilə verə bilirəm. Mənim üçün yosun bir qız saçları kimi dənizin üzərinə səpələnə bilər. Gəmilərimizin üzərində dövrə vuran qağayı aramızda olmayan dənizçilərin ruhu ola bilər və sair. Dəniz mənim üçün hər gün vərəqlənən, oxunan bir kitabdır. Təsadüfü deyil ki, Azərbaycan ədəbiyyatında mənim qədər dənizi yaşayıb yazan ikinci bir yazıçı, şair yoxdur. Təvəzökarlıqdan uzaq olsa da, deməliyəm ki, bu, mənim yox, tənqidçilərimizin fikridir.

Faiq müəllim, sizə daha doğma olan və ya çox sevdiyiniz bir gəmi varmı?

O gəmilər yaddaşımdan silinməyəcək ki, onlar mənim həm həmkarlarım, həm dostlarım, həm də azadlıq hərakatında, döyüşlərdə sıra yoldaşlarım olan dənizçilərin şərəfinə adlandırılıb. Nə yaxşı ki onların hamısı haqqında “Kəsilməyən həyacan fiti” kitabımda yazmışam. Bax, o gəmilər xəyallarımda hələ çox üzəcək… Duyğusallıqla bağlı isə deyə bilərəm ki, mən gəmiyə vurulub dənizə çıxmamışam. Dənizi sevib gəmiyə minmişəm və mən bütün varlığımla dənizi vəsf etmişəm. Mülayim, fırtınalı, küləkli, ayın haləsini sinəsində ağ yol, cığır kimi saxlayan dənizi hər zaman duyğularımın, düşüncələrimin yanında görmək olar.

Qeyd etdiniz ki, baxdığım filmlər və oxuduğum kitablar bu sahəni seçməyimə səbəb olub. O kitab və filmlərin bəzilərini oxucularla bölüşə bilərsinizmi?

“Cəzirələr adası”, “Kapitan Qrantın uşaqları”, “Ləpədöyəndə”, “Qoca və dəniz”, “Amfibiya adam” və digər adlarını unutduğum çox saylı kitablar və eyni adlı filmləri qeyd edə bilərəm.

Fevralın 23-də 55 yaşınız tamam olur. Harda qeyd edəcəksiniz ad gününüzü?

Bir az baş qarışıq oldu. Səhhətim də imkan vermədi, dəniz işi də bir tərəfdən. Yəqin ki, yubiley tədbiri martın ilk 10 günlüyünə təsadüf edər.  Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə Rəşid Behbudov adına mahnı teatrında keçirməyi planlaşdırırıq. Tədbirdə tanınmış müğənnilər sözlərimə yazılan mahnıları ifadə edəcəklər. 23 fevralda isə ad günümü ailəm və ən başlıcası nəvəm Dənizlə şəhərimizin uyğun bir yerində qeyd edəcəyik.

Özünüzə nə arzulayırsınız?

Cansağlığı, xoşbəxlik…Və istəyirəm ki, dostlarımın sayı çox olsun. Düzdür, adətən deyirlər ki,  dost ya bir, ya iki olar. Amma çox olsun. Mən dostcanlıyam, insanları sevirəm. İstəyirəm ki, hər kəs xoş yaşasın.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır