Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

"Sözlü" dənizçinin xatirələri - MÜSAHİBƏ

Dəniz - romantikası heç vaxt tükənməyən mövzu, kiminin daldalanacağı, kiminin də qorxduğu məkandır. 

Sputnik Azərbaycan-ın müsahibi Hüseyn Məmmədov hesab edir ki, dəniz hətta bir çox problemin üstünü örtməyi bacaran bir fenomendir. 

Dənizçilər Gününə təsadüf edən görüşümüzdə Məmmədov on səkkiz yaşından təsadüfən taleyini bağladığı dənizi sevə-sevə vəsf edir: "Dənizə gəlişim planlaşdırılmamış olub. Qohumumuzla görüşmüşdüm, onlar dənizçi idilər. Dedilər, gəlmişkən, gəl, sən də sənədlərini ver, dənizçi ol. Beləcə ömrümü dənizə həsr etdim.

Dəniz insanlara çox şey öyrədir, dəniz insanları cəsur edir, düşünməyə, qabağı görməyə vadar edir. Bəlkə də mən dənizdə olmasaydım, şair də olmazdım. Çünki dənizdə o qədər boş vaxtım olurdu ki, bu zamanı nəyəsə həsr etməli idim. Bolqarıstanda gəminin tikilmə prosesi bir qədər yubanmışdı, bu səbəbdən on dörd ay orada mehmanxanada qalmalı olmuşdum. Çünki qanun var idi ki, gəminin əsas mühərrikləri qoyulanda baş mexanik orada olmalı və onu qəbul etməlidir. İşlər uzanmış, hövzəni su basmışdı. Boş vaxtımı daha maraqlı keçirim deyə şeirlər yazırdım".

 

Dəniz kasıblar üçündür, deyir həmsöhbətimiz: "Heç bir imkanı, tanışı olmayan kimsəsizlər üçündür dəniz. Çünki burada qalmağa yer var. Yəni, evlə bağlı işçilərin dərdləri olmur. Asudə vaxtını daha dəyərli keçirmək üçün istirahət mərkəzləri də olur. Dənizçilik İdarəsindən dənizçilərə ev də verilir. Məsələn, mənə 1972-ci ildə ev verilib. Hazırda da dənizçilərə ev verilir. Mən də sıfırdan bu işə başlamışam. Maddi vəziyyətim instituta daxil olmağıma imkan vermirdi. Texnikum təhsili almışam. Ailədə 11 uşaq olmuşuq, belə vəziyyətdə mən nə Bakıda ev tutub qala bilərdim, nə də oxumaq imkanım var idi. Dəniz isə bu problemlərimin üstünü örtürdü. Dəniz səni qoruyur, saxlayır, daha da böyüdür və püxtələşdirir".

1964-cü ildə motorçuluq üzrə kursu uğurla bitirdikdən sonra Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinə daxil olur. Dənizdən gəldiyinə görə onu birbaşa ikinci kursa qəbul edirlər. Oranı bitirdikdən sonra Xəzər Dəniz Donanmasında motorçu kimi çalışmağa başlayır, 1985-ci ilədək baş mexanik işləyir, sonradan isə sahilə çıxır, ixtisaslaşmış Xəzər Dəniz Neft Donanmasında baş mühəndis işləməyə başlayır. Əlli yeddi yaşı tamam olan kimi təqaüdə çıxır.

"1963-1985-ci illərdə dənizdə olmuşam, sonradan isə dəniz sahələrində, dənizçilik idarələrində müxtəlif vəzifələrdə olub rəis vəzifəsinədək çalışmışam. Dənizdə çox yaddaqalan hadisələr olur. Finlandiyadan borudüzən gəmini qəbul etmişdim. O, dənizin 300 metr dərinliyinədək boruları suya düzə bilir. Bu gəminin eni 36 metrdir, çox böyükdür. Müəyyən kanallardan keçərək, iki hissədə o gəmini gətirib Həştərxanda birləşdirdik. Gəmi nəhəng olsa da, yedək gəmisi çox kiçik idi. Böyük gəmi yedək gəmisini öz gücü ilə çevirdi, demək olar ki, aşılma vəziyyətinə gətirdi. Biz də o yedək gəmisində idik. Hər birimiz düşündük ki, yəqin ki, bu artıq sondur. Amma təsadüf nəticəsində gəmi batmadı, sağ qaldıq.

Bu hadisə 80-ci illərdə baş vermişdi, heç zaman da yadımdan çıxmaz. İkinci mexaniki gəmidə işlədiyim dövrdə, Mahaçqalaya gedirdik, gəminin sükan şöbəsinə su dolmuşdu. Motorçu işini düzgün qurmadığı üçün bu problem yaranmışdı. Gəmi yüklü olduğu üçün onu düzəltmək mümkünsüz idi və beləcə qorxulu bir vəziyyət yaranmışdı. Gəmi bata da bilərdi. Bu cür hadisələr çox olub, saymaqla bitməz", - Məmmədov gərgin anları xatırlayır.

 

Həmsöhbətimiz hazırda muzey kimi istifadəyə verilən "Suraxanı" gəmisində də çalışıb, 1970-1973-cü illərdə o gəmidə ikinci mexanik olub. Fəaliyyəti müddətində Bolqarıstanda da birinci tikilən tankeri qəbul edib, Qara dəniz, Baltik dənizinin sularında üzüb. 

Dənizin onun üçün yaratdığı əsas çətinliklər yaxınlarından uzaq olmağı, onları görə bilməməyi idi: "Dənizçi üçün çətinliklər çox olur. Ən böyüyü isə aylarla ailədən kənar qalmaq idi. Əvvəllər dənizçilər üç ay işləyir, bir ay evdə olurdular. İndi isə bir ay işləyib, bir ay da evdə qalırlar. Bir xeyir-şər işində ola bilmirdin. Bizim bir iş yoldaşımız vardı, Zeynal, onun toy günü təyin olunmuşdu, səfərdə idik, gəmi gələ bilmədiyi üçün özü olmadan toyu baş tutdu. Oğlumun kiçik toyu gününə güclə yetişmişdim, gəlib gördüm ki, evdə heç toy ab-havası yoxdur, şənliyi mən iştirak edə bilmərəm deyə təxirə salmışdılar".

Qəhrəmanımızın yaradıcılığı da elə dənizlə səsləşir. Onun ilk - "Dənizə bağlıyam mən" adlı şeirlər kitabı əlli yaşında çap olunub. "Hər şey sözdən yaranır", - deyən keçmiş dənizçinin ləqəbi "Sözlü"dür. Hazırda on şeir kitabı olan Məmmədov nə qədər şeir yazdığının say-hesabını itirib. O, şair olmaqla yanaşı, həm də bəstəkardır, 
"Gülüm, gül" kimi bir sıra tanınmış bəstələrin, ümumilikdə isə 200-dən artıq mahnının müəllifidir. O, Səyyad Əlizadə kimi bir sıra tanınmış müğənnilərlə işləyib və öz mahnılarını onlara hədiyyə edib. Son zamanlar isə milli-vətənpərvərlik mövzularına daha çox maraq göstərir. İlk bəstələrini 1995-ci ildən ərsəyə gətirən Hüseyn Məmmədov həmçinin türk şairlərinin sözlərinə 30-dək mahnı bəstələyib. Dörd yüz qəzəlin müəllifi olan həmsöhbətimiz divanını yazmağa başlayıb.

Bir il öncəyə qədər Azərbaycan Dəniz Akademiyasında dərs deyən H.Məmmədov hazırda isə akademiyada dənizçilərin təkmilləşdirilmə kurslarında müəllim kimi çalışır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır