ASCO-nun 17 gəmisi Volqa-Don kanalından keçidə icazə alıb
Rusiya Federasiyası hökuməti 2023-cü ilin naviqasiya dövründə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 17 gəmisinin Xəzər dənizindən Azov dənizinə Həştərxandan Volqa çayı ilə Volqa-Don gəmiçilik kanalı vasitəsilə Rostov-Dona və əks istiqamətdə hərəkətinə icazə verib.
Bu barədə Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub ki, Azərbaycan bayrağı altında üzən “Qaradağ”, “Teymur Əhmədov”, “Maestro Niyazi”, “Qafur Məmmədov”, “Üzeyir Hacıbəyli”, “Natəvan”, “Rəsul Rza”, “Hüseyn Cavid”, “General Aslanov”, “Şair Sabir”, “Şair Vaqif”, “Mahmud Rəhimov”, “Gəncə”, “Professor Əziz Əliyev”, “Laçın”, “Kəlbəcər”, “Akademik Xoşbəxt Yusifzadə” gəmilərinə Rusiya Federasiyasının daxili su yolları ilə Xəzər dənizindən Azov dənizinə və əks istiqamətdə tranzit məqsədilə çoxsaylı keçidinə icazə verilir.
Gəmilər xarici gəmilər üçün açıq dəniz limanlarında yaradılmış Rusiya Federasiyasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd, gömrük, federal dövlət sanitariya-epidemioloji, karantin, fitosanitar və baytarlıq nəzarətindən keçəcəklər.


