Veteran dənizçi Nadir Kərimov 85 illik yubileyini qeyd edir
Ömrünün 35 ilini dənizçilik sahəsinə həsr edən Nadir Kərimov 85 illik yubileyini qeyd edir.
Bu münasibətlə ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin və Dəniz Nəqliyyatı Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları veteran dənizçini evində ziyarət ediblər.
Görüşdə yubilyarın gəmiçilik sahəsindəki xidmətləri xatırlanıb.
Həmkarları ona bütün dənizçilərin xoş sözlərini çatdırıb, cansağlığı, uzun ömür arzulayıblar. Yubilyar diqqət və qayğıya görə ASCO ailəsinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Nadir Kərimov 10 mart 1938-ci ildə Masallıda anadan olub.
O, Bakı Dənizçilik Məktəbinin bitirib. Bununla belə, sonradan Odessa Dəniz Mühəndisləri İnstitutunda təhsil alıb.
Əmək fəaliyyətinə 1982-ci ildə Xəzər Dəniz Neft Donanmasında başlayan yubilyar baş mexanik vəzifəsinədək yüksəlib.
Nadir Kərimov bir müddət Azərbaycan Dövlət Dəniz Akademiyasında müəllim kimi də çalışıb.
İşgüzarlığı, məsuliyyəti və səmimiyyətinə görə hər zaman xüsusi hörmətlə xatırlanan Nadir Kərimovu 85 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, xoş günlər arzulayırıq.

