“My ASCO” mobil tətbiqinin istifadəyə verilməsindən üç il ötür
ASCO əməkdaşları üçün elektron şəxsi kabinet funksiyasını yerinə yetirən “My ASCO” mobil tətbiqinin istifadəyə verilməsindən üç il ötür.
Son bir ildə ASCO üzrə məzuniyyət ərizələrinin yalnız “My ASCO” üzərindən qəbul edilməsi nəticəsində tətbiqdən istifadə tam şəkildə stabil xarakter alıb. Hazırda mobil tətbiqin 7200-dən çox istifadəçisi var.
2025-ci il ərzində “My ASCO” tətbiqi üzərindən ümumilikdə 5732 müraciət daxil olub. Müraciətlərin ən böyük hissəsi məzuniyyət sorğularına aiddir – 5061 müraciət. Bununla yanaşı, tətbiq vasitəsilə vakansiyalar üzrə 327, qəbul üzrə 97 müraciət qeydə alınıb.
İstifadəçi aktivliyinin təhlili göstərir ki, tətbiqdə ən çox istifadə olunan bölmələr əməkhaqqı məlumatları, məzuniyyət sorğusu və yeməkxana menyusudur.
Cari il ərzində “My ASCO” mobil tətbiqinin təhlükəsizlik səviyyəsinin artırılması və daha stabil işləməsinin təmin edilməsi məqsədilə geniş optimizasiya işləri həyata keçirilib, mövcud xidmətlərin işləmə sürəti artırılıb və istifadəçi təcrübəsi təkmilləşdirilib. Mobil tətbiqi üzərindən göstərilən xidmətlərin genişləndirilməsi və funksionallıqların artırılması prosesi bundan sonra da davam etdiriləcək.
“My ASCO” mobil tətbiqi əməkdaşlara ASCO ilə bağlı ən son məlumatları əldə etmək, mobil tətbiq üzərindən iş yerindən müxtəlif növ arayış və sənədlər sorğu etmək, müxtəlif növ toplu və fərdi bildirişlər, elanlar, sənəd və sertifikatların bitmə vaxtı barədə xatırlatma və digər vacib məlumatlar almaq, real vaxt rejimində aylıq əmək haqqı üzrə ətraflı onlayn çıxarış əldə etmək, məzuniyyət günləri barədə məlumat almaq və məzuniyyət üçün elektron formada müraciət etmək, şəxsi sənədlərin elektron surətini yükləmək, xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticələri ilə tanış olmaq, eləcə də ASCO-nun daxili onlayn təlim platformasına keçid etməyə imkanı verir.
Bundan əlavə, mobil tətbiq üzərindən ASCO-da mövcud açıq vakansiyalar barədə məlumat əldə etmək və uyğun vakansiya üzrə müraciət göndərmək mümkündür. Həmçinin tətbiq dənizçilərə istənilən məkandan müxtəlif sorğu, təklif, şikayət, eləcə də Gəmiçiliyin rəhbərliyinin qəbuluna yazılmaq üçün elektron müraciət göndərmək imkanı yaradır.
ASCO-nun əməkdaşları “My ASCO” mobil tətbiqini həm iOS, həm də Android cihazlarına yükləyə bilərlər.


