Malakka və Sinqapur boğazlarında quldurluq hallarının illik göstəriciləri açıqlanıb
“Asiya regionunda gəmilərə qarşı quldurluq və silahlı soyğunçuluqla bağlı” “ReCAAP Information Sharing Centre (ISC)” tərəfindən açıqlanan 2025-ci il üzrə illik hesabata əsasən, ötən il Asiyada ümumilikdə 132 insident qeydə alınıb. Bu göstərici 2024-cü illə müqayisədə 23 faiz çoxdur.
Hesabatda bildirilir ki, insidentlərin 108-i Malakka və Sinqapur boğazlarında baş verib. Bu, əvvəlki illə müqayisədə 74 faiz artım deməkdir və 2007–2025-ci illər dövründə bu ərazidə qeydə alınmış ən yüksək illik göstərici hesab olunur.
Qeyd olunur ki, hadisələrin böyük əksəriyyəti gecə saatlarında (20:00–06:00) baş verən xırda oğurluq halları olub və əksər hallarda ekipaj üzvlərinə xəsarət yetirilməyib. Insidentlərin təxminən 87 faizi ilin ilk yeddi ayına – yanvar–iyul dövrünə təsadüf edib.
İndoneziya hüquq-mühafizə orqanlarının 2025-ci ilin iyul–avqust aylarında həyata keçirdiyi həbslərdən sonra Malakka və Sinqapur boğazlarında avqust–dekabr aylarında insidentlərin sayında nəzərəçarpacaq azalma qeydə alınıb.
Hesabata görə, hadisələrin təxminən yarısında heç bir əmlak oğurlanmayıb. Digər hallarda isə mühərrik ehtiyat hissələri, metal tullantıları, gəmi ehtiyatları və ekipaj üzvlərinə məxsus şəxsi əşyalar itirilib. Insidentlərin 52 faizi quru yük gəmilərində, qalan hissəsi isə tankerlərdə, konteyner gəmilərində, yedək gəmilərində və ümumi yük gəmilərində baş verib.
“ReCAAP ISC”nin icraçı direktoru Vijay D. Chafekar bildirib ki, insidentlərin sayının artması dəniz ticarəti üçün təhlükənin yüksəlməsi anlamına gəlmir və 2025-ci ildə Malakka və Sinqapur boğazlarında yüksək risk kateqoriyasına aid hadisə qeydə alınmayıb.


