Yük yoxlamalarında təhlükəsizlik çatışmazlıqları 10 faizi ötüb
Dünya Gəmiçilik Şurası (WSC) yeddi ölkədə 2025-ci ildə aparılmış 93 079 yük yoxlamasının nəticələrini əhatə edən hesabatını təqdim edib. Sənəddə təhlükəsizlik çatışmazlıqlarının yüksək səviyyədə olduğu bildirilib.
“Seanews.az” xəbər verir ki, hesabata əsasən, 9645 yoxlamada, yəni ümumi göstəricinin 10,36 faizində çatışmazlıq aşkarlanıb. Problemlər əsasən sənədləşmə, markalanma və etiketləmə, yükün düzgün qablaşdırılmaması və lazımi qaydada bərkidilməməsi ilə bağlı olub.
WSC-nin məlumatına görə, belə çatışmazlıqlar yükün zədələnməsi, konteynerlərin itirilməsi və gəmidə yanğın riskini artıra bilər. Şura həmçinin “Allianz” sığorta şirkətinin statistikasına istinad edərək, orta hesabla hər 17 gündən bir konteyner gəmisində yanğın baş verdiyini qeyd edib.
2017–2025-ci illərdə yük yoxlamalarında çatışmazlıqların orta göstəricisi 9 faizdən çox olub. Son üç ildə isə bu rəqəm artaraq 2024-cü ildə 11 faizdən yuxarı olub, üçillik orta göstərici isə 10,9 faiz təşkil edib.


