Sualtı kabellərin zədələnməsi ilə bağlı kapitan və azərbaycanlı heyət üzvü mühakimə olunur
Finlandiyada Rusiyalı gəmi kapitanı və Azərbaycan vətəndaşı olan heyət üzvü Finlandiya körfəzində iki sualtı telekommunikasiya kabelinin zədələnməsi ilə bağlı məhkəmə qarşısına çıxarılıb.
“Seanews.az” xəbər verir ki, istintaqa görə, 2025-ci il dekabrın 31-də Rusiyadan İsrailə gedən, Sent-Vinsent və Qrenadinlər bayrağı altında üzən “Fitburg” yük gəmisinin lövbəri Finlandiya ilə Estoniyanı birləşdirən iki kabelə zərər vurub. Prokurorluq həmçinin gəminin lövbərinin dənizin dibində ən azı 130 kilometr sürükləndiyini və daha səkkiz sualtı kabelə zərər vurmaq təhlükəsi yaratdığını bildirir.
Hadisənin Estoniyanın müstəsna iqtisadi zonasında, Finlandiyanın ərazi sularından kənarda baş verməsi məhkəmənin yurisdiksiyası ilə bağlı əsas mübahisə mövzusudur. Kapitan və baş matros ittihamları rədd edərək Finlandiyanın onları mühakimə etmək hüququnun olmadığını bildirirlər.
Prokurorluq hər iki şəxs üçün ən azı 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası tələb edir. Məhkəmə iş üzrə Finlandiyanın yurisdiksiyasının olub-olmadığını və irəli sürülən ittihamları araşdıracaq.


