Dənizçilərin təmsilçisi "Səbail" "Qəbələ"ni də məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib. "ASCO Arena"da "Səbail" və "Qəbələ" komandaları üz-üzə gəlib.
Gənc baş hakim Kamal Umudlunun idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.
Hesabı 16-cı dəqiqədə "Qəbələ"nin yeni transferi Nikolas Raysel açıb. "Səbail" isə hər 3 qoluna fasilədən sonra imza atıb. 56-cı dəqiqədə Mirsahib Abbasov hesabı bərabərləşdirib. 70-ci dəqiqədə Rauf Əliyev yeni komandasında ilk qolunu vurub.
Bundan 5 dəqiqə sonra "qırmızı-qaralar"ın legioneri Fernan Lopes ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Say üstünlüyü qazanan "dənizçilər" 82-ci dəqiqədə yekun nəticəni müəyyənləşdiriblər. Daha bir yeni transfer Hendrik Ekşteyn ötən tur olduğu kimi, yenə penaltini dəqiq yerinə yetirib.
Bu qələbə sayəsində xallarını 18-ə çatdıran "Səbail" yenə 7-ci pillədə qalsa da, son pillədəki "Qəbələ"dən 5 xal aralanıb.