ASCO-ya ağır itki üz verib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) ağır itki üz verib. ASCO-nun Layihələrin idarəedilməsi departamentinin rəisi Kərim Sultanov vəfat edib.
O, 1977-ci il iyulun 29-da Bakıda anadan olub. Azərbaycan Dövlət Dillər Universitetinin Dilşunaslıq/tərcüməçi-referent (ingilis-dili) ixtisasını bitirib. Kərim Sultanov əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Respublikası Dövlət Tibbi Kitabxanasında tərcüməçi kimi başlayıb. Daha sonralar müxtəlif illərdə Azərbaycan Futbol Assosasiyası, “Aİ crane” LTD, “Xəzərdənizneftqaztikini” tresti, “SOPS” MMC, “Makdermott Kaspian Kontraktors”da çalışıb. 2014-cü ildən ASCO sıralarına qoşulan Kərim Sultanova müxtəlif məsuliyyətli vəzifələr həvalə edilib. Göstərdiyi yüksək peşəkarlıq və işgüzarlığı ilə hər zaman etimadı doğruldub. O, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb.
Kərim Sultanova xas olan məsuliyyət hissi və digər yüksək insani keyfiyyətlər ona hər zaman böyük hörmət qazandırıb. Elə buna görə də Kərim Sultanovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq və daim ehtiramla yad olunacaq.
Allah rəhmət eləsin!