Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-25,
Seanews
Heyder Eliyev

Azərbaycan və Türkmənistan iqlim dəyişmələrinin Xəzərin ekosisteminə təsirini birgə öyrənəcək

Azərbaycan və Türkmənistan Xəzər dənizinin bioloji müxtəlifliyinin qorunması istiqamətində səylərini artırırlar.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı deyib.

Onun sözlərinə görə, bu ilin 11 mart tarixində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında Xəzər dənizinin bioloji müxtəlifliyinin öyrənilməsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Protokol” imzalanıb.  Protokolun məqsədi Xəzər dənizinin bioloji resurslarının ehtiyatlarının elmi tədqiqatı, qorunması və səmərəli istifadəsi sahəsində əməkdaşlığın gücləndirilməsidir:

“Azərbaycan ilə Türkmənistan arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq əsasən regional səviyyədə “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” (Tehran Konvensiyası) çərçivəsində həyata keçirilirdi. 2017-ci il 8 avqust tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş” ölkələr arasında bu sahədə ikitərəfli əməkdaşlığın hüquqi bazasını yaratmışdır. Sözügedən sənədlər Tehran Konvensiyası və onun protokollarından irəli gələn fəaliyyətlərin yerinə yetirilməsinə də dəstək verəcək”.

E.Qarabağlı əlavə edib ki, protokol çərçivəsində Xəzər dənizinin bioloji müxtəlifliyinin qorunması üzrə təcrübə və məlumat mübadiləsinin aparılması məqsədilə elmi təşkilatların və sahilyanı mühafizə zonalarının mütəxəssislərinin iştirakı ilə birgə seminar və konfransların keçirilməsi nəzərdə tutulur.

Əməkdaşlıq çərçivəsində iqlim dəyişmələrinin Xəzər dənizinin ekosistemlərinə təsiri və Xəzər dənizi və onun sahilyanı ərazilərində qışlayan quşların növ tərkibi, bioloji və ekoloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində birgə fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır.

Nazirlik rəsmisinin sözlərinə görə, protokolun həyata keçirilməsi Azərbaycanla Türkmənistan arasında ətraf mühitin mühafizəsi sahəsində ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə və ümumilikdə Xəzər dənizi regionunda ekoloji tarazlığın nail olunmasına töhfə verəcək.

Trend


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır