Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

Dənizdə külək enerjisinin inkişafı üzrə Yol Xəritəsi hazırlanacaq

Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafı üzrə əməkdaşlıq çərçivəsində Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndələrinin iştirakı ilə onlayn seminar keçirilib.

Energetika Nazirliyindən verilən məlumata görə, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə “Azərbaycanda dənizdə külək enerjisinin inkişaf etdirilməsi üzrə Yol Xəritəsi”nin hazırlanması ilə əlaqədar müzakirələr aparılıb. Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov bildirib ki, Yol Xəritəsinin hazırlanmasında məqsəd dənizdə və sahilyanı ərazilərdə külək enerjisinin potensialı, şəbəkəyə qoşulma imkanları, ətraf mühit və sosial təsirlərin qiymətləndirilməsi əsasında gələcəkdə hərraclara çıxarıla biləcək potensial zonaların müəyyənləşdirilməsidir.

Qurumla Energetika Nazirliyi arasında enerji sektorunda bazar münasibətlərinə mərhələli keçidin və bərpa olunan enerji sahəsinin inkişafının təmin edilməsi istiqamətlərində əməkdaşlıqdan məmnunluq ifadə edilib. Dünya Bankı Qrupunun dünyada dənizdə külək enerjisinin bazarları, bu enerjidən istifadəyə dair təcrübələri, 2030-cu ilədək proqnozları və bu sahənin inkişafına dəstəyi əks etdirən təqdimatı nümayiş olunub.

Bildirilib ki, “Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi”nin hazırlanması prosesi coğrafi məkan xəritələrinin tərtib olunması, zonaların müəyyənləşdirilməsi, iqtisadi, maliyyə, ekoloji və sosial aspektlərdə təhlillərin aparılması, təsirlərin qiymətləndirilməsi, icazə və razılıqların verilməsi, normativ hüquqi bazanın yaradılması, ötürmə sisteminin yenilənməsi, təchizat zəncirinin öyrənilməsi kimi məsələləri əhatə edəcək. Dənizdə külək enerjisindən istifadə yeni iş yerləri, həmçinin ölkə iqtisadiyyatına əlavə dəyər qazandıran imkanlar yardacaq. Layihə üzrə işlərə cari ilin iyun ayında başlanması, dekabrda missiyanın Azərbaycana səfəri və Yol Xəritəsinin gələn ilin fevralında yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd olunub ki, Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə hazirlanacaq Yol Xəritəsi Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə və Paris Sazişi üzrə 2030-cu ilə qədər atmosferə atılan istixana qazlarını 35% azaltmaq öhdəliyinin icrasına da töhfə verəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır