Azərbaycanda xüsusi karantin rejimi iyunun 1-dək uzadılıb
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılıb.
Bu barədə Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Qərarında bildirilib.
Qərara əsasən aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:
- 2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək;
- 10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;
- 17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;
- 24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;
- 1 may saat 00:00-dan 3 may saat 06:00-dək;
- 8 may saat 00:00-dan 10 may saat 06:00-dək;
- 15 may saat 00:00-dan 17 may saat 06:00-dək;
- 22 may saat 00:00-dan 24 may saat 06:00-dək;
- 29 may saat 00:00-dan 31 may saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.
Bundan başqa, qərara əsasən, ölkə ərazisində 20 mart saat 00:00-dan 29 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.
Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, martın 22-dən Azərbaycanda yaşı 40-dan yuxarı olan şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanacaq.
Ş. Mövsümov qeyd edib ki, Azərbaycanda indiyədək 500 mindən çox vaksin vurulub: "Bu günədək 50 yaş olan insanların vaksinasiyası həyata keçirilirdi. Növbəti həftənin 1-ci günündən başlayaraq yaşı 40-ın üzərində olan vətəndaşlarımız vaksinasiya prosesinə cəlb olunacaq. İri şəhərlərdə daha çox vaksinasiyaya önəm verəcəyik. Bakı-Sumqayıt-Abşeronda vaksinasiyanın daha sürətlə həyata keçirilməsi bizim əsas prioritetlərimizdən biridir. Hamını vaksinasiya prosesində aktiv iştirak etməyə çağırıram”.


