“Lapis-Lazuli” nəqliyyat dəhlizinin inkişafı ilə bağlı imzalanmış “yol xəritəsi”nə dair görüş keçirilib
Azərbaycan, Türkmənistan və Əfqanıstanın nəqliyyat sektorunu təmsil edən qurumlarının nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirilib.
Görüşdə Azərbaycan, Türkmənistan və Əfqanıstanın hökumətlərarası işçi qrupunun rəhbərləri tərəfindən “Lapis-Lazuli” nəqliyyat dəhlizinin potensialını reallaşdırma imkanları, nəqliyyat və kommunikasiya sahəsində qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı imzalanmış Yol Xəritəsi ətrafında fikir mübadiləsi aparılıb.
Onlayn iclasda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni (ASCO) İstismar-kommersiya departamentinin əməkdaşı Niyaməddin Aslanov təmsil edib. O, marşrutun inkişafı məqsədilə Türkmənistan limanı tərəfindən liman xərclərinin azaldılmasının vacibliyinə diqqət çəkib. Türkmənistan nümayəndələri bununla razılaşaraq aidiyyatı qurumlarla müzakirələr aparacaqlarını bildiriblər.
“Lapis Lazuli” nəqliyyat dəhlizinin yaradılması ilə bağlı Saziş 2017-ci il noyabrın 15-də Aşqabad şəhərində Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan və Əfqanıstan hökümətləri arasında imzalananıb.
Bu sənədin reallaşdırılması regionun iqtisadi inteqrasiya səviyyəsini yüksəltməyə, ticarətin həcmini əhəmiyyətli dərəcədə artırmağa xidmət edir. “Lapis-Lazuli” beynəlxalq nəqliyyat dəhlizi həmin marşrut üzrə yükdaşımaların həcmini artırmaq üçün yeni imkanlar yaradır.