Bananla dolu konteynerdə kokain aşkar edilib
“Seanews.az”-ın xarici KIV-lərdən əldə etdiyi məlumata görə, Ekvadordan yüklə "Yujnı" limanına gələn gəminin göyərtəsində kokain aşkar edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları bananla dolu olan konteynerlərin birində gömrük nəzarətindən gizlədilmiş xeyli kokain aşkara çıxarıblar. Narkotik vasitə Ukraynaya qaçaq yolla gətirilib.
Ukrayna Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, kokain dəniz soyuducu konteynerlərin texnoloji boşluqlarında liman operatorlarından birinin konteyner terminalı vasitəsilə çatdırılıb.
Ümumilikdə, 50 bağlamada təxminən 60 kiloqram narkotik maddə olub. Xarici gəmidə tapılan kokainin dəyəri qara bazarda təxminən 10 milyon dollardır.
Hazırda istintaq hərəkətləri aparılır və əvvəllər saxlanılan beynəlxalq cinayətkar qrupun üç üzvünün - Albaniya, Rumıniya və Ukrayna vətəndaşlarının narkotik qaçaqmalçılığında iştirakı yoxlanılır.


