Qara dəniz limanlarına gəmi səfərlərinin sayı artıb
2022-ci ilin ikinci rübündə ticarət gəmilərinin Rusiya, Türkiyə, Bolqarıstan, Rumıniya, Ukrayna, Gürcüstan və Moldovanın Qara dəniz limanlarına etdiyi səfərlərinin sayı 10 550 təşkil edib.
“Seanews.az” “Lloyd's List Intelligence”-nin hesabatına istinadən bildirir ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlara başladığı cari ilin birinci rübü ilə müqayisədə bu göstərici 16% artıb.
Moldova və Rumıniya limanlarına gəmi səfərlərinin sayında nəzərəçarpacaq artım qeydə alınıb ki, bu da onların Ukrayna ərazisinə yüklərin daşınmasında rolu ilə bağlıdır.
Sanksiyalar Qara dəniz terminallarına daxil olan gəmi sahiblərinin strukturunun dəyişməsinə təsir göstərib. Yaponiya, Honkonq, Sinqapur, İtaliya, Böyük Britaniya və Almaniya şirkətlərinə məxsus gəmilərin Rusiyaya girişi məhdudlaşdırılıb. Məsələn, birinci rübdə 68 səfər edən Almaniya gəmiləri sonrakı üç ayda 4 səfərlə kifayətlənib. Üç yük daşıyıcısı apreldə Taman və Tuapseyə, iyunda isə bir tanker Novorossiyskə yan alıb. Gələn zaman bütün gəmilər Liberiya bayrağı altında olublar.


