Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-18,
Seanews
Heyder Eliyev

Yanmış konteyner gəmisinə görə ziyanın bir hissəsi ödənilib

14 ay əvvəl yanaraq batan “X-Press Pearl” konteyner gəmisi ilə bağlı dəymiş ziyan və xərclərin bir hissəsi ödənilib. Bu vəsaitin müəyyən hissəsi ekoloji fəlakət səbəbindən işini itirmiş balıqçılara kömək etmək üçün istifadə olunacaq.

“Seanews.az”-ın məlumatına görə, Şri Lanka Balıqçılıq Nazirliyi bu yaxınlarda 2,5 milyon dollar ödəniş alıb. Bundan əvvəl hər biri 1 milyon dollardan az olan daha iki ödəniş həyata keçirilmişdi. Ümumilikdə, sığorta şirkəti aralıq ödənişlər üçün təxminən 3,5 milyon dollar ödəyib. Bu vəsait “X-Press Pearl” gəmisinin qəzasının nəticələrinə görə, ölkənin dörd qərb rayonunda balıq tuta bilməyən 15 min balıqçı arasında bölüşdürüləcək.

Xatırladaq ki, “X-Press Pearl”-in göyərtəsində yanğın 2021-ci il mayın 20-də baş verib. Həmin an gəmi Kolomboda lövbər salmışdı. Yanğına səbəb kimi pis qablaşdırılan azot turşusunun sızması və digər kimyəvi yüklərlə reaksiya verməsi göstərilir. Heyət hələ Ərəbistan dənizində olarkən sızıntı aşkar edib, lakin gəmiyə Qətər (Hamad) və Hindistanın (Həzirə) ən yaxın limanlarına daxil olmağa icazə verilməyib. Şri-Lankaya kimi minlərlə mil məsafə qət ediblər. Bütün səylərə baxmayaraq, yanğını söndürmək mümkün olmayıb. Mayın 25-də gəminin göyərtəsində partlayış baş verib. 2,7 min TEU tutumlu gəmi tamamilə yeni idi - qəzadan dörd ay əvvəl inşa olunduğu gəmiqayırma zavodunu tərk etmişdi.

Şri-Lanka hökuməti yanmış konteyner gəmisi “X-Press Pearl”-ın operatoruna "müvəqqəti iddia" qaldıraraq, gəminin ölkə sahillərində qismən batmasından bir gün əvvəl yığılan xərcləri ödəmək üçün 40 milyon dollar tələb edib. Ölkə hakimiyyətinin bildirdiyinə görə, “X-Press Pearl” qəzası okeanın və sahilin zəhərli maddələrlə çirklənməsi ilə nəticələnib və Şri-Lanka tarixində ən ciddi ekoloji fəlakətlərdən birinə çevrilib.

Hakimiyyət Şri-Lankanın sahil ərazisini təmizləmək üçün indiyədək 200 min dollar xərcləyib. “The Maritime Executive” yazır:"Bu, təmizlik işlərinin uzun illər davam edəcəyini göstərir".

Bu günə kimi gəminin qalıqlarının çıxarılmasının birinci mərhələsi başa çatıb, yaşayış üçün üst tikili dənizin dibindən qaldırılıb. “X-Press Pearl”-ın qalan hissələrinin sökülməsi, eləcə də bütün qalan yüklərin qaldırılması üzrə işlər bu ilin sonunda yağışlı mövsüm başa çatdıqdan sonra bərpa edilməlidir. İşlərin 2023-cü ilin sentyabrınadək başa çatdırılması planlaşdırılır. Gəmi sahibi gəminin qaldırılması üçün Şanxay Xilasetmə Şirkəti ilə müqavilə  bağlayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır