Konteyner gəmiləri metanola keçir
Almaniyanın “MPC Container Ships” (“MPCCC”) gəmiçilik şirkəti Çinin “Taizhou Sanfu Ship Engineering” korporasiyası ilə hər birinin tutumu 1300 TEU olan iki fider konteyner gəmisinin tikintisinə dair müqavilə imzalayıb.
“MPCCC” rəhbərliyinin fikrincə, gəmilərin əsas xüsusiyyətləri onların həm müasir aşağı kükürdlü şərti gəmi yanacaqlarından, həm də metanoldan istifadə edə biləcək güc qurğuları olacaq. Konteyner gəmilərinin hər birinin tikintisi 39 milyon dollara başa gələcək.
Sifarişin cəmi iki ilə yerinə yetiriləcəyi və 2024-cü ilin ikinci yarısında hər iki gəminin artıq xəttə daxil olacağı güman edilir. İlkin məlumatlara görə, onların Şimal dənizində, Norveç, Niderlandın Rotterdam və Almaniyanın Hamburq limanları arasında istifadə edilməsi nəzərdə tutulur.
İki yeni nəsil konteyner gəmisinin istismara verilməsi şirkətə eyni tipli, lakin yalnız adi yanacaqla işləməyə uyğunlaşdırılmış, bir qədər kiçik tutumlu üç köhnə gəmini əvəz etməyə imkan verəcək.
Beləliklə, Şimal-Qərbi Avropanın dəniz yükdaşımaları bazarında metanolla işləyən konteyner gəmilərindən getdikcə daha aktiv istifadə ənənəsi müşahidə olunur. “Maersk” hələ 2021-ci ilin iyulunda 2100 TEU tutumlu fider konteyner gəmisinin tikintisini sifariş verdiyini və onu 2023-cü ilin iyununda alacağını açıqlamışdı.
Operator bildirib ki, “Maersk” yeni gəmidən Şimali Avropa və Botniya körfəzinin limanlarını birləşdirən xətlərdə istifadə etmək niyyətindədir. Eyni zamanda, bu şirkət üçün metanol yanacağına uyğunlaşdırılmış daha böyük konteyner gəmisi tikilir. İlkin məlumatlara görə, o, 2024-cü ildə istifadəyə verilməlidir.
“Seanews.az”


