Bu ilin əvvəlindən 100-dən çox qaz daşıyıcısı sifariş edilib
Qaz daşıyıcılarının tikintisi üçün sifarişlər əhəmiyyətli dərəcədə artıb. Bu il ən çox həcmi 140 min kubmetrdən artıq olan iritonajlı qaz daşıyıcıları sifariş edilib. “Clarksons” belə gəmilərə tələbatın artmasını, digər məsələlərlə yanaşı, Qətərin Asiya və Avropa alıcıları ilə uzunmüddətli müqavilələr bağlamaq niyyəti ilə əlaqələndirir.
“Seanews.az”ın məlumatına görə, bu il qaz daşıyıcıları üçün sifarişlər təxminən dörddə bir qədər artıb. Hazırda dünya sifariş qovluğunda inşasını gözləyən LNG daşıyıcılarının sayı 255-dir . Bu ilin iyun ayına 100-dən çox qaz daşıyıcısı, 2021-ci ildə isə 86 gəmi sifariş edilib.
“DSME” 11 LNG daşıyıcısı üçün sifariş alıb. Bu sifarişin “QatarEnergy”-nin yeni gəmiqayırma proqramı ilə əlaqəli olduğu güman edilir. Müqavilənin dəyəri 1,5 milyard dollardır. Gəmilərin mərhələli şəkildə, 2026-cı ilin fevralınadək istismara verilməsi planlaşdırılır.
“Samsung Heavy Industries” dörd LNG daşıyıcısı üçün iki sifariş alıb. Müqavilələrin ümumi dəyəri 850 milyon dollar qiymətləndirilir. Qaz daşıyıcıları 2025-ci ildə təhvil verilməlidir.
Bu il Koreya tərsanələri dünya portfelinin 75%-ni təşkil edən 80-dən çox qaz daşıyıcısının tikintisi üçün sifarişlər alıb.
Qaz daşıyıcılarına tələbat Koreyanın iri gəmiqayırma zavodlarına illik hədəflərinə yaxınlaşmağa imkan verib. Belə ki, “DSME” illik planı 92 faiz yerinə yetirib. Avqustun sonunda tərsanənin sifariş qovluğu 29 milyard dollar dəyərində 131 gəmi olub. Bu il sifariş verilən 36 gəmidən cəmi 28-i LNG daşıyıcısı olub.
“Samsung Heavy Industries” illik hədəfin 82%-nə çatıb. Bu il şirkət 28-i LNG daşıyıcısı olmaqla 37 gəminin tikintisi üçün sifariş alıb.


