Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

“Bahri” doqquz VLCC tankeri alır

Səudiyyə Ərəbistanının Milli Gəmiçilik Şirkəti (“Bahri”) Yunanıstanın “Capital Maritime and Trading Corp”-u ilə doqquz VLCC ölçülü neft tankerinin alınması üçün müqavilə bağlayıb.  

“Seanews.az” xəbər verir ki, sövdələşmənin dəyəri 1 milyard dollardır.

Maliyyələşdirmə şirkətin öz vəsaiti və borc hesabına həyata keçiriləcək. Avans ümumi məbləğin 10%-ni təşkil edəcək, qalan 90%-i isə sonuncu gəmi təhvil alındıqdan sonra köçürüləcək.

Doqquz tankerin hamısı Cənubi Koreya tərsanələrində tikilib və onların orta yaşı 5,9 ildir. Gəmilər 2025-ci ilin birinci rübünün sonuna qədər mərhələli şəkildə təhvil veriləcək.

“Saziş “Bahri”nin donanmasını, o cümlədən hazırda 40 VLCC tankerindən ibarət donanmanı idarə edən neft nəqli bölməsini modernləşdirəcək. Bu, köhnəlmiş gəmilərin dövriyyədən çıxarılması prosesini sadələşdirəcək”, - gəmiçilik şirkətinin bəyanatında deyilir.

Şirkət həmçinin hesab edir ki, ekoloji cəhətdən təmiz və yanacaq baxımından qənaətcil VLCC tankerlərinin alınması “Bahri Oil Transport” donanmasının rəqabət qabiliyyətini artıracaq və onun gəlirinə müsbət təsir göstərəcək.

“Bahri” şirkəti hər birinin tutumu 2,2 milyon barel olan iki gövdəli VLCC tankerlərinin ən böyük donanmalarından birinə sahibdir və onu idarə edir. Donanmaya 92 gəmi, o cümlədən 36 kimyəvi və ərzaq məhsulları daşıyan tanker, 6 çoxməqsədli gəmi və 11 quru yük gəmisi daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır