Konteyner yanğını baş verən HMM gəmisi Cənubi Afrikada sığınacaq limanına yönəlir
Hind okeanında 2 həftə əvvəl yanğın baş vermiş “HHM Platinum” konteyner gəmisi Cənubi Afrika sahillərinə yaxınlaşır.
“Seanews.az” xəbər verir ki, Cənubi Koreyanın HMM şirkətinə məxsus gəminin avtomatik identifikasiya sistemi (AIS) hazırda onun manevr imkanlarının məhdud olduğunu göstərir. Gəminin zədələrinin miqyası və yanğının tam söndürülüb-söndürülmədiyi isə hələ məlum deyil.
63 min ton dedveyti olan və 5 023 TEU tutumuna malik gəmi sentyabrın 27-də Hindistanın Kattupalli limanından Braziliyanın Santos limanına yola düşüb. Məlumata görə, göyərtədə 2 300 TEU yük var. İlkin olaraq Durban limanına yönələn gəminin sıxlıq səbəbindən Port-Elizabet limanına getməsi də nəzərdən keçirilir. Xilasetmə əməliyyatının təşkili üçün SMIT şirkətinin cəlb olunduğu bildirilir.
Sığorta şirkəti “Allianz”ın məlumatına görə, 2025-ci ildə dünyada orta hesabla hər 17 gündən bir konteyner gəmisində yanğın baş verib. Təhlükəli yüklərin düzgün bəyan edilməməsi və qablaşdırılmaması belə hadisələrin əsas səbəbləri sırasında göstərilir.

