Yaponiya dünyanın ilk nəhəng hidrogen mühərrikini sınaqdan keçirib
Yaponiya iri okean gəmiləri üçün nəzərdə tutulan dünyanın ilk hidrogen mühərrikinin uğurlu sınaqlarını həyata keçirərək gəmiçilik tarixində yeni mərhələyə qədəm qoyub.
“Seanews.az” xəbər verir ki, indiyədək hidrogen texnologiyası əsasən qısa məsafəli sahil gəmilərində və kiçik yedəkçilərdə tətbiq olunurdu. Lakin "Japan Engine Corporation" və "Kawasaki Heavy Industries" tərəfindən birgə hazırlanan bu yeni mühərrik uzaq məsafələrə üzən iri tonnajlı gəmilər üçün nəzərdə tutulub. Bu, hidrogenin qlobal dəniz ticarətində praktiki istifadəsi yolunda ən mühüm texnoloji mərhələ hesab olunur.
Laboratoriya sınaqları zamanı aşağı sürətli, iki-taktlı bu nəhəng mühərrik 100% yük rejimində işləyərkən 95%-dən çox hidrogen qarışığı ilə stabil fəaliyyət göstərib. Bu göstərici atmosferə atılan istilik effekti yaradan qazların (GHG) kəskin şəkildə azaldılmasını və sistemin tam təhlükəsizliyini sübut edir.
Mühərrik 17,500 DWT-lik çoxməqsədli hidrogen gəmisinə quraşdırılacaq. Mühərrikin 2027-ci ilin yanvarında təhvil verilməsi, 2028-ci ildən isə gəmi üzərində 3 illik genişmiqyaslı nümayiş sınaqlarının başlanması planlaşdırılır.

