Nüvə enerjili ticarət gəmiləri üçün strateji addım atılıb
Qlobal dəniz daşımaları sənayesində dekarbonizasiya hədəflərinə çatmaq üçün ən iddialı layihələrdən birinə start verilib. Dünyanın ən böyük məhsul tankeri operatorlarından olan "Scorpio Tankers" dəniz nəqliyyatında mikro-nüvə enerji sistemlərinin tətbiqi məqsədilə ABŞ mərkəzli texnologiya tərtibatçısı "Ampera" ilə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb.
“Seanews.az” xəbər verir ki, 10 milyon dollarlıq investisiya ilə dəstəklənən bu əməkdaşlıq çərçivəsində gəmilər, dəniz kənarındakı infrastruktur obyektləri və limanlar üçün tamamilə karbon qazı buraxmayan enerji həlləri hazırlanacaq. Layihənin ilkin mərhələsində üzən nüvə enerji barjalarının yaradılması, uzunmüddətli perspektivdə isə birbaşa nüvə mühərriki ilə işləyən ticarət gəmilərinin istismara verilməsi nəzərdə tutulur.
Layihədə istifadə olunacaq mikro-reaktorlar yığcam və konteyner tipli dizaynı ilə fərqlənir. Bu sistemlərdə ənənəvi uran deyil, daha təhlükəsiz və səmərəli hesab edilən torium yanacağından istifadə olunacaq.
Donanmasında 90-a yaxın tankeri olan "Scorpio" tərəfi layihəyə mühəndislik təcrübəsi, tənzimləyici qaydalar üzrə biliklər və kommersiya dəstəyi verəcək, "Ampera" isə birbaşa nüvə texnologiyasının təminatçısı kimi çıxış edəcək.
"Scorpio Tankers"in rəhbəri Emanuele Lauro bildirib ki, bu texnologiya gəmilərin onilliklər ərzində yanacaq doldurmadan (bunkerləmə etmədən) okeanları keçməsinə və yanacaq xərclərinin kəskin azalmasına yol aça bilər.

