Məşhur “SS United States” okean layneri süni rifə çevrilmək üçün batırılır
Məşhur “SS United States” okean laynerinin ABŞ-nin Alabama ştatındakı Mobil limanından sonuncu səfəri başlayıb. Gəmi Florida sahillərində süni rifə çevrilmək üçün nəzərdə tutulan əraziyə aparılır.
“Seanews.az” xəbər verir ki, tarixi gəminin batırılması əvvəlcədən planlaşdırılandan bir gün tez – noyabrın 11-də həyata keçiriləcək.
Okalusa dairəsinin komissarlar şurasının məlumatına görə, həftənin sonuna gözlənilən güclü külək və əlverişsiz hava şəraiti səbəbindən əməliyyatın vaxtı dəyişdirilib. Batırılma əməliyyatı yerli vaxtla saat 13:00-da başlanacaq. Noyabrın 12-nə planlaşdırılan vida mərasimi isə ləğv edilib.
Gəminin qalıqlarına dalğıclar noyabrın 12-dən etibarən daxil ola biləcəklər. Laynerin Florida sahillərində, 30° 07.148' şimal enliyi və 86° 46.755' qərb uzunluğu koordinatlarında dənizin dibinə oturacağı gözlənilir.
1952-ci ildə istismara verilən “SS United States” Atlantik okeanını ən sürətlə keçən sərnişin gəmisi kimi rekord müəyyənləşdirmişdi. Lakin aviasiyanın inkişafı və yüksək yanacaq xərcləri səbəbindən cəmi 17 il fəaliyyət göstərdikdən sonra istismardan çıxarılıb.
Gəminin kommersiya məqsədilə yenidən istifadəsi üçün iqtisadi cəhətdən əlverişli layihə tapılmadığından onun süni rifə çevrilməsi qərara alınıb. Təxminən 305 metr uzunluğunda və 53 min brutto ton tutumunda olan laynerin dünyanın ən böyük süni rifi olacağı gözlənilir.

